Fransanı kütləvi etirazlar bürüdü - Ölən var

Fransanı kütləvi etirazlar bürüdü -  Ölən var
  17 Noyabr 2018    Oxunub:4304
Bu gün səhər saatlarından başlayaraq Fransanın cənubundakı İzer bölgəsində keçirilən etiraz aksiyaları zamanı bir nəfər ölüb.
AzVision.az “BFMTV” telekanalına istinadən xəbər verir ki, insident Pon-de-Bovuazen ərazisində baş verib.

Belə ki, uşağını avtomobillə həkimə aparan qadın benzin qiymətlərinin artmasına etiraz edən aksiyaçıların yolu bağlamasından narahat olub.

Qadın etirazçı kütləni yararaq onların arasından keçmək istəsə də, aksiyaçılar onun avtomobilini hərəkət etməyə qoymayıb və əllərilə maşına vurmağa başlayıblar. Nəticədə təşvişə düşən qadın maşını kütlənin üzərinə sürərək, 50 yaşlı kişini ölümcül yaralayıb. Xəsarət alanın həyatını xilas etmək mümkün olmayıb.

Hazırda şok vəziyyətində olan qadının polisin nəzarəti altında saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu gün bütün Fransa ərazisində benzin qiymətinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fransa   Etiraz   Benzin  





Xəbər lenti