Trampdan Kaşoqi ilə bağlı ziddiyyətli bəyanat: “Gülüncdür...”

 Trampdan Kaşoqi ilə bağlı ziddiyyətli bəyanat:  “Gülüncdür...”
  19 Noyabr 2018    Oxunub:2931
ABŞ prezidenti Donald Tramp səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilməsi ətrafında böyük səs-küy yaranmasını gülünc adlandırıb.
Azvision.az xəbər verir ki, bu barədə “Axios” qəzeti mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Tramp şəxsi söhbətlərin birində jurnalistin öldürülməsinin həqiqətən pis bir hadisə olduğunu deyib, lakin qətllə bağlı yaranan ajiotajı absurd və gülməli adlandırıb. Trampı bildirib ki, ABŞ-ın əməkdaşlıq etdiyi digər ölkələr bundan da pis işlər görürlər.

ABŞ prezidenti onu da deyib ki, “Çin kimi ölkələrin amansız təcrübələrini nəzər alsaq, insanlar Səudiyyənin bir nəfəri öldürməsinin mahiyyətini şişirdirlər.”

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti