Paşinyandan Lukaşenkoya mesaj: “Biz elə bir iş görmüşük ki...”

Paşinyandan Lukaşenkoya mesaj:  “Biz elə bir iş görmüşük ki...”
  19 Noyabr 2018    Oxunub:3429
"Belarusun Ermənistandan görməyə alışdığı münasibətlər bir də olmayacaq".

Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu gün Qavar şəhər icmasının rəhbərliyi ilə görüşündə İrəvanın Minsklə münasibətlərini şərh edərkən deyib.
“Elə təəssürat yaranır ki, bir çoxları öz hərəkətsizlikləri üzündən Ermənistana kiçik ölkə, kiçik xalq kimi yanaşmağa cəhd edirlər və ya edəcəklər. Amma mən açıq şəkildə deyirəm: bu, işə yaramayacaq. Biz azsaylı xalq ola bilərik, amma biz böyük xalqıq... Bu ilin aprel-mayında biz elə bir iş görmüşük ki (“məxməri inqilab”), bəşəriyyət tarixində bunun presedenti yoxdur. Bundan sonra Ermənistanla hesablaşacaqlar. Əmin olun ki, bu münasibətlərimizdə (Belarusla) xalqımız və hökumətimiz respublikamızın maraqlarını müdafiə etmək iqtidarındadır və hər kəs bununla hesablaşmalıdır”, – Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkoya mesaj ünvanlayıb.

Xatırladaq ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postu ətrafında yaratdığı problemə görə təşkilatın daxilində təklənib. Paşinyan bu postu tutan Yuri Xaçaturovu vaxtından əvvəl geri çağırmasına baxmayaraq, baş katib vəzifəsinə yenidən erməni namizədin seçilməsində israrlıdır. Lakin 8 noyabrda KTMT-nin Astanada keçirilən Kollektiv Təhlükəsizlik Şurasının geniş tərkibli iclasından sonra mətbuata açıqlama verən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, yeni baş katib Belarus nümayəndəsi olacaq. Bununla da, KTMT liderləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın hazırladığı ssenarinin üstündən birdəfəlik xətt çəkiblər.

Daha sonra isə Belarus prezidenti Aleksandr Luşakenko Azərbaycan səfiri ilə KTMT daxilində baş verənləri, xüsusən də, baş katib postuna namizəd məsələsini müzakirə edib. Baş verənlər qarşısında aciz qalan Paşinyan Nazarbayev və Lukaşenkodan Putinə şikayət etdiyini deyib.

Qeyd edək ki, KTMT-nin baş katibi postuna ən real namizədlərdən biri Belarus Respublikasının Dövlət Təhlükəsizlik Şurasının katibi, Bakıda təhsil alan general-leytenant Stanislav Zasdır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Belarus  





Xəbər lenti