Paşinyan erməni kəndliləri aşağıladı

  19 Noyabr 2018    Oxunub : 2860
 Paşinyan erməni kəndliləri aşağıladı
Ermənistanın tam qazlaşdırılmasına dair proqramın davam etdirilməsi üçün hökumət vətəndaşların təbii qazdan nə məqsədlə istifadə edəcəyini bilməlidir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Qavar şəhər icmasının rəhbərliyi ilə görüşündə deyib.

Onun sözlərinə görə, seçkilər öncəsi sakinlər bir çox problemlərdən, o cümlədən də, kəndlərin təbii qazla təchiz edilməməsindən şikayətlənirlər. Lakin sonradan məlum olur ki, qaz kəmərlərinin çəkilməsi maliyyə cəhətdən hökumətə baha başa gəlir və Paşinyanın fikrincə, təbii qaz kəndlinin nəyinə gərəkdir axı?

“Bütün seçkilərdə namizədlər xüsusən də, hakimiyyəti təmsil edən namizədlər gəlib sakinlərin kəndə qaz çəkilməsi ilə bağlı istəklərini dinləyiblər. Nəticədə qaz kəməri çəkildi və aydın oldu ki, sən demə təbii qaz kəndlilər üçün sadəcə kofe hazırlamaq üçün lazım imiş. Və belə çıxır ki, qaz kəməri üçün çəkilən xərclər özünü doğrultmadı və bu cür xərclərə görə biz hamımız pul ödəməli olduq. Çünki kəmərin çəkilməsinə xərclənən vəsait qazın qiymətinə daxil edilmişdi. Biz deyirik ki, dünyada ən qazlaşdırılmış ölkələrdənik, amma qazı bir stəkan suyu qızdırmaq üçün çəkirik. Ona görə də, bu qaz kəmərləri və seçkiqabağı vədlərə görə indi bütün ölkə xərc çəkir” – Paşinyan bəyan edib.

Erməni KİV-ləri yazır ki, Paşinyanın bu çıxışı Ermənistanın kənd sakinləri arasında ciddi narazılığa səbəb olub. Paşinyanın sözlərindən belə çıxıb ki, kəndlilərin nəinki bir stəkan isti kofe içməyə, ümumiyyətlə, qışın soyuğunda isinməyə belə haqları çatmır. Və sən demə, təbii qazla təchizat şəhərlilərin rahat həyatının təmini kimi daha “vacib” məqsədlər üçün lazım imiş.

Qeyd olunur ki, bununla da Paşinyan Ermənistan cəmiyyətini “ağlara” və “qaralara” ayırdığını bir daha sübut etməklə yanaşı, ölkə iqtisadiyyatı və büdcənin ən sadə məsələlərin öhdəsindən belə gəlməyə qadir olmadığını göstərib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   təbiiqaz