Kaşoqinin qətlinə görə Səudiyyəyə növbəti sanksiya

  19 Noyabr 2018    Oxunub : 2114
Kaşoqinin qətlinə görə Səudiyyəyə növbəti sanksiya
Rəsmi Berlin Səudiyyə Ərəbistanının 18 vətəndaşının Avropanın 26 ölkəsini əhatə edən Şengen ərazisinə girməsinə qadağa qoyub.

Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Hayko Maas Brüsseldə jurnalistlərə verdiyi açıqlamada bildirib.
Onun sözlərinə görə, 18 səudiyyəlinin Şengen zonasına səyahətini qadağan edən qərar onların jurnalist Camal Kaşoqinin qətlində şübhəli bilindiklərinə görə verilib.

“Əvvəlkitək, bu məsələ ilə bağlı cavablardan daha çox suallar var. Və bu suallar cinayətin özünə və onun arxasında dayananın kimliyinə aiddir. Bu 18 nəfərin Kaşoqinin qətli ilə əlaqəsi var”, – deyə Maas vurğulayıb.

Alman nazir onu da bildirib ki, Berlin 18 nəfər səudiyyəliyə viza verilməsinin qadağan edilməsinə dair qərarı Fransa və Şengen zonasına daxil olmayan Böyük Britaniya ilə sıx əməkdaşlıq əsasında qəbul edib.

Lakin məxfilik baxımından Almaniya hökuməti həmin 18 səudiyyəlinin adlarını açıqlamır.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   Almaniya