Kaşoqinin qətli şahzadələri hərəkətə keçirdi - “Taxt-tac oyunları”na hazırlıq gedir

  20 Noyabr 2018    Oxunub : 3537
Kaşoqinin qətli şahzadələri hərəkətə keçirdi - “Taxt-tac oyunları”na hazırlıq gedir
Səudiyyə Ərəbistanı kral ailəsinin bəzi üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salmanın taxtda oturmasına əngəl olmağa hazırlaşırlar. Buna səbəb vəliəhdin səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli ilə bağlı qalmaqalda adının hallanmasıdır.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” kral ailəsinə yaxın 3 etibarlı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, digər şahzadələr taxtda Məhəmməd bin Salmanı yox, başqa xələfi görmək istəyirlər. Lakin nə qədər ki, Səudiyyənin 82 yaşlı kralı Salman bin Əbdüləziz sağdır, real addım ataraq hərəkətə keçməkdən çəkinirlər.

Mənbələrin sözlərinə görə, kral hakimiyyət uğrunda şahzadələr arasında gedən mübarizədə çətin ki, öz “sevimli oğluna” qarşı çıxsın.

Salman bin Əbdüləziz öldükdən sonra onun ailəsi Səudiyyəyə kralın 76 yaşlı kiçik qardaşı Əhməd bin Əbdüləzizin başçılıq etməsini istəyirlər. Lakin mənbələr bildirib ki, Əhmədin vəliəhd şahzadə Məhəmməd bin Salmanı kənarlaşdıraraq taxtda oturması üçün onu Qərb ölkələri də dəstəkləməlidir.

Bu mənada qeyd olunur ki, 2 həftə əvvəl ABŞ administrasiyasının yüksək vəzifəli şəxsləri səudiyyəli məsləhətçiləri əmin ediblər ki, potensial xələf kimi məhz kralın qardaşı şahzadə Əhməd bin Əbdüləzizi dəstəkləyəcəklər.

Qeyd edək ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kaşoqinin qətlinə məhz vəliəhd şahzadə Məhəmməd bin Salmanın əmr verdiyinə dair tutarlı dəlil əldə edib və onu Trampa təqdim edib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   ABŞ