Bakıda 2 aptekin fəaliyyəti dayandırılıb

Bakıda 2 aptekin fəaliyyəti dayandırılıb
  31 Oktyabr 2013    Oxunub:1071
Səhiyyə Nazirliyi Bakıda iki aptekin fəaliyyətini dayandırıb.
AzVision.az-a bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, nazirliyin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən apteklərdə aparılan yoxlamaların nəticələri açıqlanıb. Yoxlamalar zamanı Nərimanov rayonunda 18, Suraxanı rayonunda isə 6 aptekə baxış keçirilib. Məlum olub ki, F.X.Xoyski küçəsində yerləşən aptek qanunsuz fəaliyyət göstərir və buna görə də, həmin obyektin işinə xitam verilib. Həmin aptekdə 13 qutu sertifikatsız dərman da tapılıb. Digər 17 aptekdən yalnız birində şərait baxımından çatışmazlıq qeydə alınıb. Müvafiq tələblərə zidd olaraq, burada şüşə ayırıcı yoxdur. Bundan əlavə, baxış zamanı 34 qutu sertifikatsız dərman aşkarlanıb. Yerdə qalan 16 əczaxana isə müvafiq tələblərə tam cavab verir.

Suraxanı rayonunda isə 6 aptekdən birinin qanunsuz olduğu aşkarlanıb və fəaliyyəti dayandırılıb. Burada termolabil preparatların saxlanma qaydalarına riayət edilmədiyi müəyyən olunub, həmçinin 47 qutu sertifikatsız dərman aşkarlanıb. Digər iki aptekdə müəyyən çatışmazlıqlar qeydə alınıb. Bu obyektlərin hər ikisində sanitariya qovşağı yoxdur və termolabil preparatların saxlanma qaydalarına riayət edilmir. Onlardan birindən 42, digərindən isə 17 qutu sertifikatsız dərman tapılıb. Digər 3 əczaxanaların hər birindən isə müvafiq olaraq 89 qutu, 23 qutu və 22 qutu sertifikatsız dərman götürülüb.


Teqlər:  





Xəbər lenti