Ər-Riyad ABŞ kəşfiyyatının iddialarını yalanladı

  20 Noyabr 2018    Oxunub : 2139
Ər-Riyad ABŞ kəşfiyyatının iddialarını yalanladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) də daxil olmaqla, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın jurnalist Camal Kaşoqinin qətlində əli olmasilə bağlı irəli sürülən ittihamlar yalandır.
Azvision.az “Business İnsider”ə istinadən xəbər verir ki, bunu Səudiyyənin xarici işlər naziri Adil əl-Cübeyir bu gün “Al Sharq Al Awsat” qəzetinə müsahibəsində deyib. Bununla da, Ər-Riyad MKİ-nin iddialarına ilk dəfə olaraq rəsmi münasibət bildirib.

“Krallıqdakılar bilirlər ki, vəliəhd şahzadə ilə bağlı bu cür iddiaların həqiqətdə heç bir əsası yoxdur və biz bu ittihamları qətiyyətlə rədd edirik. Yayılan məlumatlar rəsmi şəkildə elan edilməyən sızmalardır və mən gördüm ki, onlar həlledici sübuta yox, mühakiməyə əsaslanırlar” – Adil əl-Cübeyir vurğulayıb.

Qeyd edək ki, ötən həftə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi jurnaslit Camal Kaşoqinin ölüm əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən verildiyini və bununla bağlı əllərində tutarlı sübut olduğunu açıqlayıb.

“Washington Post” qəzeti etibarlı mənbəyə istinadən yazıb ki, MKİ-nin əlindəki dəlil vəliəhdin Kaşoqi cinayətində əli olduğunu göstərən ən həlledici sübutdur. Bu sübut isə Məhəmməd bin Salmanın qardaşı – Səudiyyənin ABŞ-dakı səfiri Xalid bin Salmanın Kaşoqi ilə telefon söhbətinin audio yazısı əsasında əldə edilib. Qeyd olunur ki, dəlillər Tramp administrasiyasının Məhəmməd bin Salmanla əlaqələr qorumasını müşkülə çevirir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Səudiyyə   MKİ   ABŞ