“Tehran səbr etməyəcək” - İrandan Avropaya xəbərdarlıq

 “Tehran səbr etməyəcək”  - İrandan Avropaya xəbərdarlıq
  20 Noyabr 2018    Oxunub:2963
Avropa ölkələri İranla dollarsız ticarət üçün nəzərdə tutulan Xüsusi Təyinatlı Şirkəti (XTŞ) qurmaqda çətinlik çəkirlər.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, Tehran vəziyyətin bu cür davam etməsinə səbr etməyəcək.

“Avropalılar Xüsusi Təyinatlı Şirkətin yerləşdiriləcəyi ölkəni müəyyənləşdirməkdə çətinliklə üzləşiblər. Əslində, bu şirkəti öz ərazisində qurmaq təklifi alan bəzi Avropa ölkələri bu vəzifəni qəbul etməyiblər və ona görə də, XTŞ üçün yer seçilməsi üzrə aparılan danışıqlar davam etdirilir. Nüvə sazişində göstərilən iqtisadi faydaları təmin olunmayınca, İran mövcud vəziyyətlə davam edə bilməz” – Cavad Zərif bildirib.

Xatırladaq ki, sentyabrın sonlarında BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşən Rusiya, Çin, Almaniya, Böyük Britaniya və Fransa xarici işlər nazirləri Tehrandan təbii qaz və neft idxalına dair ödəmələr daxil olmaqla, ümumi ticarət əməliyyatlarının asanlaşdırılması və İranda bizneslə məşğul olan şirkətlərinin ABŞsanksiyalarından qorunması üçün xüsusi ödəniş kanallarının yaradılmasını nəzərdə tutan yeni bir maliyyə mexanizminin formalaşdırılması barədə razılığa gəliblər.

Lakin ötən həftə avropalı diplomatlar “Reuters”ə bildiriblər ki, Brüssel bu ay ərzində mexanizmi işə salmağa çalışsa da, İttifaqa üzv olan dövlətlər bu mexanizmin leqallaşdırılması üçün lazım olan xüsusi şirkətin qeydiyyatını öz yurisdiksiyasına almaq istəməyib.

Leyla Elbrusqızı
Azvision.az






Teqlər: İran   Avropa  





Xəbər lenti