Belarusun Azərbaycana silah satması Paşinyanı ciddi narahat edir
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan bu dəqiqələrdə keçirdiyi mətbuat konfransında deyib.
“Bizim mövqeyimiz aydındır. Biz bu cür sazişləri (Azərbaycana silah tədarükü barədə) qınayırıq və hesab edirik ki, bu, Ermənistanın maraqlarına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında əməkdaşlığın ruhuna ziddir. Daha əvvəl də söylədiyim kimi, indiki mərhələdə əsas məsələ budur: Biz izahat almalıyıq və və hər bir ölkəyə aydın olmalıdır ki, onun öz tərəfdaşları və təşkilat qarşısındakı öhdəlikləri, eləcə də, təşkilatın üzv dövlətlər qarşısında öhdəlikləri nədir. Biz öz müttəfiqlik öhdəliklərimizi yerinə yetiririk, lakin bir sıra digər tərəfdaşlarımız barədə eyni şeyi deyə bilmirik”, - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, ötən gün Belarusa səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin həmkarı Aleksandr Lukaşenko ilə görüşündən sonra silahlar və hava hücumundan müdafiə texnikaları ilə təchizat sahəsində ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafına dair Belarusun Hərbi-Sənaye Dövlət Komitəsi ilə Azərbaycanın Müdafiə Nazirliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Ölkə başçısı bildirib ki, “Belarusdan növbəti partiya hərbi texnikanın əldə edilməsi üçün ən qısa vaxtda bu memorandum müqaviləyə çevriləcək.”
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan Ermənistan belarus