Konqressdən Trampa tələb: Kaşoqi ilə bağlı qərar ver!

Konqressdən Trampa tələb:  Kaşoqi ilə bağlı qərar ver!
  21 Noyabr 2018    Oxunub:3064
ABŞ Senatının beynəlxalq münasibətlər komitəsinin rəhbərliyi prezident Donald Trampdan tələb edib ki, jurnalist Camal Kaşoqinin qətlini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmr edib-etməməsinə konkret və aydın cavab versin.
Azvision.az “Politico”ya istinadən xəbər verir ki, komitənin sədri respublikaçı senator Bob Korker və demokrat Robert Menendes Ağ Evə sorğu göndərərək Tramp administrasiyasının Səudiyyə vəliəhdinin cinayətdə əli olub-olmadığını soruşublar.

Belə ki, “Maqnitski aktı”na uyğun olaraq ABŞ prezidenti dünya liderləri tərəfindən insan hüquqlarının pozulması ilə əlaqədar Senat komitələrinin suallarını sorğu daxil olduqdan sonrakı 120 gün ərzində cavablandırmağa borcludur.

“Son hadisələrin, o cümlədən də Ər-Riyaddakı hökumətin cənab Kaşoqinin Səudiyyə hakimiyyəti tərəfindən İstanbuldakı konsulluqlarında öldürülməsilə bağlı etirafı fonunda tələb edirik ki, Kaşoqinin ölümündə vəliəhd şahzadə Məhəmməd bin Salmanın məsuliyyətli olub-olmaması barədə qərar verilsin” – Senatın sorğusunda deyilir.

Bundan əvvəl Tramp bəyan etmişdi ki, Məhəmməd bin Salman jurnalistin Səudiyyənin istanbuldakı baş konsulluğunda qətli barədə məlumatlı idi. Bununla belə Tramp vurğulamışdı ki, ABŞ Ər-Riyadın etibarlı tərəfdaşı olaraq qalmaqda niyyətlidir.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   ABŞ  





Xəbər lenti