Britaniyaya zərbə, casus ittihamı: “Dostumuzdan bunu gözləmirdik...”

Britaniyaya zərbə, casus ittihamı:  “Dostumuzdan bunu gözləmirdik...”
  21 Noyabr 2018    Oxunub:3679
Britaniyalı 31 yaşlı elm adamı Metyu Hedgesin ömürlük azadlıqdan məhrum edilməsilə bağlı qərar Böyük Britaniya ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətləri korlayacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant Hedgeslə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Londonun öz müttəfiqindən gözlədiyi məhkəmə qərarı belə deyildi.

“Bugünkü hökm dostumuzdan və Birləşmiş Krallığın etibarlı tərəfdaşından gözlədiyimiz bir addım deyildi. Bu qərar əvvəlki etimada ziddir. Bu işin BƏƏ rəhbərliyi tərəfindən bu cür həllinin ölkələrimiz arasındakı münasibətlər üçün mənfi nəticələri olacaq. Təəssüf edirəm ki, biz belə bir mövqeyə gəlmişik və mən BƏƏ hakimiyyətini bu addımını yenidən nəzərdən keçirməyə çağırıram”, - Hant vurğulayıb.

Qeyd edək ki, bu gün BƏƏ məhkəməsi Britaniyanın Durham Universitetinin 31 yaşlı doktorantı, Britaniyaya casusluqda ittiham olunan Metyu Hedgesi ömürlük həbsə məhkum edib. Hedgesin ailə üzvlərinin sözlərinə görə, məhkəmə iclasındakı dindirmələr cəmi 5 dəqiqə çəkib və müttəhimin vəkili iclasda iştirak etməyib. Hedges isə ittihamları rədd edərək, BƏƏ-də sadəcə işi ilə əlaqədar tədqiqat apardığını bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: BƏƏ   Britaniya  





Xəbər lenti