Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri ölüb

Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri ölüb
  22 Noyabr 2018    Oxunub:3493
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəhbəri, general-polkovnik İqor Korobov 63 yaşında vəfat edib.

Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Korobov uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib.
Generalın ölümü ilə əlaqədar Rusiya Müdafiə Nazirliyi mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsinin əvvəlki rəisi İqor Serqunun ölümündən sonra Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin yanvarında Korobovu idarənin boş qalan rəhbəri postuna təyin edib.

Korobov Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlarda rus kəşfiyyatçılarının fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirib. ABŞ-da demokratiyanı pozmağa yönələn fəaliyyətlərinə görə 2016-cı ilin dekabrından generalın adı Vaşinqtonun sanksiyalar siyahısına salınıb. Bu ilin sentyabrında isə 2016-cı ildə ABŞ seçkilərinə müdaxilə etdiyi əsas gətirilərək Korobov yenidən sanksiyalara məruz qalıb.

İqor Korobovun avtobioqrafiyasına gəldikdə isə, o, 1956-cı ilin avqustun 3-də Rusiyanın Vyazma şəhərində anadan olub. 1977-ci ildə Stavropol Ali Aviasiya Məktəbinin yay bölməsini bitirdikdən sonra Rusiya Silahlı Qüvvələrində xidmətə başlayıb. 1980-cı ildə Baş Kəşfiyyat İdarəsində xidmətə göndərilib. 1985-ci ildə Sovet Ordusunun Hərbi-Diplomatik Akademiyasını bitirib, həmçinin, Silahlı Qüvvələrin Hərbi Akademiyasının məzunu olub. Daha sonra Baş Kəşfiyyat İdarəsində işləməyə başlayıb, xüsusən də, qurumun xaricdəki rezidentlərinə nəzarəti həyata keçirib.

İqor Korobov Rusiyanın bir sıra dövlət mükafatları, o cümlədən də Rusiya Federasiyasının Qəhrəmanı adına layiq görülüb. Ailəli və iki qız atası idi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Suriya   ABŞ  





Xəbər lenti