Avropa Dəmirdaşın azadlığa buraxılmasını tələb edir

  22 Noyabr 2018    Oxunub : 2802
 Avropa Dəmirdaşın azadlığa buraxılmasını tələb edir
Avropa İttifaqı (Aİ) Türkiyədə həbs olunan Xalqların Demokratik Partiyasının (HDP) lideri Səlahəddin Dəmirdaşın tezliklə sərbəst buraxılmasını gözləyir.
Azvision.az xəbər verir ki, bunu Ankarada səfərdə olan Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

“Biz gözləyirik ki, Dəmirdaş tez bir zamanda azad olunacaq. Avropa İnsan Haqları Məhkəməsi cənab Dəmirdaşın həbsi zamanı insan hüquqlarının pozulduğunu bildirib. Həmçinin, Ankara ilə apardığımız danışıqlarda 2013-cü ildə Türkiyədəki kütləvi etirazlarla əlaqədar açılan cinayət işi üzrə yeni həbslərin həyata keçirilməsilə bağlı narahatlığımı da ifadə etdim”, – deyə Moqerini bildirib.

Qeyd edək ki, PKK terrorçularını dəstəkləməkdə və terrorizmin təbliğatında ittiham edilən Dəmirdaşa bu ilin sentyabrında 26-cı İstanbul Cəza Məhkəməsinin qərarı ilə 4 il 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin Avropa İnsan Haqları Məhkəməsi kürd deputatın həbsini qınayaraq, onun azadlığ çıxarılmasını və məhkəmə prosesindən əvvəlki həbs müddəti üçün Ankaranın Dəmirdaşa 25 min avro təzminat ödəməsini tələb edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Avropaİttifaqı