“Brexit”lə bağlı siyasi bəyannamə layihəsi razılaşdırılıb

“Brexit”lə bağlı siyasi bəyannamə layihəsi razılaşdırılıb
  22 Noyabr 2018    Oxunub:3952
“Brexit”dən sonra Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə gələcək münasibətləri barədə siyasi bəyannamə layihəsi artıq hər iki tərəfdən danışıqları aparan şəxslər və bütövlükdə siyasi səviyyədə razlaşdırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk "Tvitter" səhifəsində bəyan edib.

“Mən elə indicə Avropa İttifaqı ilə Birləşmiş Krallıq arasındakı gələcək münasibətlərə dair siyasi bəyannamə layihəsini İttifaqın 27 üzv ölkəsinə göndərdim. Avropa İttifaqı Komissiyasının prezidenti (Jan-Klod Yunker) məni məlumatlandırdı ki, sənəd danışıqların vasitəçiləri səviyyəsində təsdiqlənib və prinsipcə, siyasi səviyyədə razılaşdırılıb”, – Tusk yazıb.

26 səhifəlik bəyannamə sənədində “Brexit”dən sonra Londonla Brüsselin ticarət, iqtisadiyyat, hüquq-mühafizə və cinayət mühakiməsi, xarici siyasət, təhlükəsizlik və digər sahələrdə ambisiyalı, dərin, geniş miqyaslı, hüquqların və öhdəliklərin balansına əsaslanan tərəfdaşlığı inkişaf etdirəcəklərinə razı olduqları göstərilib.

Qeyd edək ki, ötən həftə 5 saatlıq fövqəladə iclasında Britaniya hökuməti “Brexit”lə bağlı 400 səhifəlik saziş layihəsini təsdiq edib. Lakin sazişə etiraz edən nazirlər də olub. Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya işləri üzrə nazir Şeyleş Vara baş nazir Tereza Meyin Brüssellə danışıqlarda sərgilədiyi yumşaq mövqeyə və “Brexit” sazişindəki bəzi müddəalara görə tutduğu vəzifələrdən istefa veriblər. Bununla da, Meyin “Brexit” siyasətinə etiraz olaraq Britaniya hökumətini tərk edən rəsmilərin sayı 18-ə çatıb.

Britaniya mətbuatı yazır ki, Tereza Meyin rəhbəri olduğu Mühafizəkarlar partiyasının əksər üzvləri də “Brexit” barədə saziş layihəsinə səsvermədə əleyhinə mövqe tutacaqlar. Hətta Meyin hökumət başçısı vəzifəsindən uzaqlaşdırılması üçün yaxın günlərdə deputatların baş nazirə etimadsızlıqla bağlı səsvermə keçirəcəkləri bildirilir.

Xatırladaq ki, “Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti