Yeni əmək müfəttişi kimdir - ARAYIŞ

Yeni əmək müfəttişi kimdir - ARAYIŞ
  01 Noyabr 2013    Oxunub:2181
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni kadr dəyişikliyi həyata keçirib.
AzVision.az-ın verdiyi məlumata görə, nazir Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsinə Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri İdris İsayevi təyin edib.

Bİldirək ki, sabiq əmək müfəttişi Nəbi Şükürlünün postu bir müddət idi ki, boş idi. Onun bu vəzifəsini rəis müavini Məhərrəm Məhərov yerinə yetirirdi.

Yeni əmək müfəttişi İdris Balakişi oğlu İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Тəsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə və kredit fakültəsində əyani təhsil alıb və fərqlənmə diplomu ilə bitirib. 1992-1993-cü illərdə «İnkişaf» Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində işləyib. 1993-2005-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlamış şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif vəzifələrdə çalışıb. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-nın Gorce Universiteti ilə birgə təşkil etdiyi MBA proqramında təhsil almış və biznesin idarə olunması ixtisası üzrə magistr dərəcəsi alıb. 24 yanvar 2005-ci il tarixində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 iyun 2005-ci il tarixli 117 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti