Rusiyadan Kaşoqi açıqlaması: “Yekun qərarı gözləyirik”

  23 Noyabr 2018    Oxunub : 4833
Rusiyadan Kaşoqi açıqlaması: “Yekun qərarı gözləyirik”
Moskva səudiyyəli jurnalist Camal Kaşoqinin qətlinə dair istintaqın nəticələrini gözləyir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"İstintaqın ən qısa zamanda yekunlaşması lazımdır. Səudiyyə Ərəbistanı hökumətinin istintaqı Türkiyə ilə birgə apardığını görürük. Yekun qərarın tezliklə açıqlanmasını gözləyirik", - Lavrov deyib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Azvision.az

Teqlər: Lavrov