Azərbaycan OPEC-in iclasında təmsil olunacaq

Azərbaycan OPEC-in iclasında təmsil olunacaq
  26 Noyabr 2018    Oxunub:7467
Azərbaycanın energetika naziri Pərviz Şahbazov dekabrın 6-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 175-ci iclasında iştirak edəcək.
Energetika Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, toplantıda OPEC üzrə hasilatın azaldılması ilə bağlı qərar qəbul olunması gözlənilir. İclasda, həmçinin iyunun 22-də keçirilən OPEC Nazirlər Şurasının 174-cü iclasından ötən dövr ərzində neft bazarında baş verən proseslər nəzərdən keçiriləcək. Bundan başqa, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda neft bazarında tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC-in əməkdaşlıq müqaviləsi imzalaması da planlaşdırır.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Azvision.az


Teqlər: Energetika-Nazirliyi   OPEC  





Xəbər lenti