ABŞ miqrantlara güc tətbiq etdi – Sərhədə əlavə qoşun göndərilir

ABŞ miqrantlara güc tətbiq etdi –  Sərhədə əlavə qoşun göndərilir
  26 Noyabr 2018    Oxunub:3750
Mərkəzi Amerika ölkələrindən gələn miqrant karvanlarının ilk qrupu ABŞ-Meksika sərhəddindən keçməyə cəhd edib

Azvision.az “Fox News”a istinadən xəbər verir ki, ABŞ-ın sərhəd-nəzarət xidməti miqrantların axınına qarşı cavab tədbiri kimi San İsidro keçid məntəqəsində avtomobillərin və piyadaların keçidini qadağan edib.
Bu ərazidən şimalda ABŞ-ın Kaliforniya ştatının San-Dieqo şəhəri yerləşir və miqrantlar oraya keçməyə çalışırlar.

Həmçinin qeyd olunur ki, Tixuana rayonunda ABŞ-Meksika sərhəd hasarını keçməyə çalışan 500-dən çox miqranta qarşı ABŞ qüvvələri gözyaşardıcı qazdan istifadə ediblər. Sərhəddəki vəziyyətlə əlaqədar Ağ Ev San İsidro rayonuna əlavə qüvvələr, o cümlədən də dəniz piyadaları göndərib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, əgər Meksika hökuməti miqrantların keçidinə imkan versə, onda bu ölkə ilə bütün cənub sərhəddini bağlayacaq.







Xatırladaq ki, oktyabrın ortalarından başlayaraq Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan 4 karvandan ibarət 7 mindən çox miqrant ABŞ-da sığınacaq tapmaq üçün piyada yola çıxıblar. Hazırda Amerikada 12 milyondan çox qanunsuz miqrant yaşayır.

ABŞ prezidenti Donald Tramp ölkənin cənub sərhədlərində fövqəladə vəziyyət elan edərək Latın Amerikası ölkələrindən gələn miqrant köçünün qarşısını almaq üçün sərhəddə 15 min əsgər göndərəcəyini bildirmişdi. O həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələmişdi ki, vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımlarını dayandıracaq.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Meksika   Miqrant   ABŞ  





Xəbər lenti