Rusiyanın ələ keçirdiyi Ukrayna gəmiləri zədələnməyib

 Rusiyanın ələ keçirdiyi Ukrayna gəmiləri zədələnməyib
  26 Noyabr 2018    Oxunub:4014
Rusiyanın Kerç boğazında ələ keçirdiyi Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi hazırda Krımın Qara dəniz sahilindəki Kerç limanında saxlanılır və onların heç birinə ziyan dəyməyib.
Azvision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunur ki, hazırda hər üç gəmi hərbi geyimli şəxslər tərəfindən əhatə olunub. Gəmiləri yaxından izləyən şahidin sözlərinə görə, ələ keçirilən gəmilərin heç biri zədələnməyib.

Xatırladaq ki, ötən gün Ukrayna gəmiləri tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilib. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər Rusiya sərhəd xidmətinin xəbərdarlıqlarına baxmayaraq, təhlükəli manevrlər etdiyindən onlara qarşı silahlı güc tətbiq edilərək dayandırılıblar. Əməliyyat zamanı 3 Ukrayna hərbçisinin yaralandığı və sonradan onlara tibbi yardım göstərildiyi bildirilib. İnsidentlə əlaqədar Rusiya sərhədlərinin pozulması üzrə cinayət işi açılıb.

Lakin ələ keçirilərkən Ukrayna gəmilərinin ruslara cavab atəşi açıb-açmadığı bilinmir. Həmçinin, Ukrayna tərəfi Rusiyanın yaydığı məlumatın düzgün olmadığını və yaralı hərbçilərin 6 nəfər olduğunu bildirib. Hətta hərbçilərdən birinin öldüyü barədə iddialar səslənir.

Rəsmi Kiyevə görə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır. Vəziyyətlə əlaqədar Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə 60 günlük hərbi vəziyyətin tətbiq edilməsi ilə bağlı məsələni Ali Radaya göndərib, Rusiyanın təcavüzü barədə “G7” (“Böyük yeddilik”) ölkələrini və BMT Təhlükəsizlik Şurasının üzvlərini məlumatlandırıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ukrayna   Krım   Rusiya   Kerç  





Xəbər lenti