Paşinyan baş nazir olmaq üçün “möcüzə” vəd edir

Paşinyan baş nazir olmaq üçün “möcüzə” vəd edir
  26 Noyabr 2018    Oxunub:4794
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan əvvəlcədən dediyi kimi, növbədənkənar parlament seçkilərində hərtərəfli iştirakını təmin etmək üçün məzuniyyət götürdükdən sonra bu gündən etibarən təşviqat kampaniyasına start verib.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, rəhbəri olduğu “Mənim addımım” blokunun qələbəsi üçün tərəfdarlarını yenidən küçələrə tökən Paşinyan Araqaçotn əyalətinin Talin şəhərindən seçkiqabağı təşviqat aksiyalarına başlayıb. Paşinyan daha sonra kampaniyanı Maralik və Gümrüdə davam etdirəcəklərini bildirib.

Lakin təşviqat kampaniyasında Paşinyanın çıxışını gülməli edən məqam onun deputatlara yox, özü üçün səs istəməsi olub. O, hətta pafoslu sözlərindən də geri qalmayıb: “Xalqın qərarı ilə baş nazir olacağam və xalq mənə etibar etdiyi müddətcə bu postda qalacağam. Əvvəllər sizin səs verdiklərinizin əvəzinə başqaları seçilirdi. Buna görə də Ermənistanda inqilab oldu”.

Paşinyan yenidən erməni xalqına vədlər verməyə başlayıb. Bu dəfə o, fantaziyalarında daha da irəli gedərək gələcəkdə məsuliyyətindən asanlıqla boyun qaçıra bilməyəcəyi çox utopik və Ermənistan reallıqları ilə ziddiyyət təşkil edən vədlər verib:

“2019-cu ildə Ermənistanda iqtisadi möcüzə olacaq. Əgər hər şey yaxşı getsə, onda 2019-cu ildə iqtisadi inkişafda ani sıçrayış gözlənilir, iqtisadiyyatımızın strukturu dəyişəcək. Kiçik sahibkarlıq vergilərdən tamamilə azad ediləcək. Həmçinin, taksi sürücüləri də vergilərdən azad olunacaqlar.”

Xatırladaq ki, bu gündən etibarən Ermənistanda seçkiqabağı təşviqat kampaniyasına rəsmən start verilib. Parlamentə seçilmək üçün siyasi partiyaların öz platformalarını bəyan edəcəkləri kampaniya 12 gün davam edəcək. 9 dekabrda isə Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   seçki   parlament  





Xəbər lenti