Kaşoqinin cəsədi ərəb iş adamının villasında axtarıldı

Kaşoqinin cəsədi ərəb iş adamının villasında axtarıldı
  26 Noyabr 2018    Oxunub:4106
İstanbulda konsulluqda qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqinin cəsədinin axtarışı davam edir.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu məqsədlə Yalova bölgəsinin Samanlı kəndində yerləşən villada axtarışlar aparılıb.
Axtarışlarda təlim keçmiş itlərdən və dronlardan istifadə olunub. Villada ilk olaraq həyətdəki quyuya baxış keçirilib. Axtarış aparılan villa vəliəhd şahzadə Məhəmməd bin Salmanın dostu olan ərəb iş adamına aiddir və bir aydan çoxdur orada heç kim yaşamır.

Axtarışlarla bağlı Yalova valisi Muammer Erol bildirib: “İstanbul Baş Prokurorluğu tərəfindən Samanlı kəndində ərəb iş adamına aid villada axtarış aparılıb. Axtarışın mahiyyəti və nəticələri barədə lazımı açıqlama baş prokurorluq tərəfindən veriləcək”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı jurnalist Camal Kaşoqinin səfirlikdə baş verən qarşıdurma zamanı qətlə yetirildiyini açıqlasa da, onun cəsədinin yeri barədə məlumat verməyib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Kaşoqqi   Türkiyə   Axtarış  





Xəbər lenti