“Qarabağa görə narahatsansa...” – Paşinyandan Serjə siyasi ölüm hökmü

  26 Noyabr 2018    Oxunub : 4444
 “Qarabağa görə narahatsansa...” – Paşinyandan Serjə siyasi ölüm hökmü
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan özündən əvvəlki hökumət rəhbərliyinə siyasi ölüm hökmü çıxarıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, növbədənkənar parlament seçkiləri üçün təşviqat kampaniyası başlayan kimi Paşinyan aprel inqilabı nəticəsində devrilən sabiq prezident Serj Sarkisyanın yenidən hakimiyyətə gəlmək arzusunu və onun Respublikaçılar partiyasının təşviqat kampaniyasındakı şüarlarını kəskin tənqid edib.

Qeyd olunur ki, hakimiyyətdə olduğu müddətdə Ermənistanın daxili və xarici siyasətində ciddi və effektiv dəyişikliklərə nail ola bilməyən Paşinyan Respublikaçıların onu ən həssas nöqtədən – Dağlıq Qarabağ probleminə yanaşması müstəvisində vura biləcəyindən ehtiyatlanaraq çıxışlarında demək olar ki, bütün diqqəti Sarkisyanın partiyasının tənqidinə ayırıb.

Maralikedəki çıxışında Paşinyan bildirib ki, bu dəfəki seçkilərdə Respublikaçılara siyasi ölüm müəyyənləşdirilməlidir: “Bu gün Respublikaçılar partiyası məzarlardakı baş daşına bənzəyən qara rəngli plakatlar hazırlayaraq hələ də mövcud olduqlarını göstərməyə çalışırlar. Əslində elə düz ediblər, çünki bu seçkilər qarətçi respublikaçılara siyasi ölüm hökmü verməlidir. Və məhz bu dəfəki seçkilərdən sonra 20 ildən çoxdur ki, bu ölkəni qərət edən Respublikaçılar partiyasını siyasi zibilxanaya atmaq lazım olacaq. Onların “Əgər Qarabağın gələcəyinə görə narahatsansa, onda Respublikaçıları partiyasını seç!” şüarına gəldikdə isə, 20 ildir ordunu soyan, buğda oğurlayan siçanların, əsgərləri hətta mayka və tumanla təchiz edə bilməyənlərin Dağlıq Qarabağdan danışmağa heç bir mənəvi haqqı yoxdur” – Paşinyan Respublikaçıları təhqir edib.

Paşinyanla yanaşı digər partiyaların seçkilərdə qələbə üçün əsas təsir və təzyiq vasitəsi kimi Dağlıq Qarabağ məsələsini qabartması bir daha göstərir ki, Ermənistanda rəhbərliyə kim gəlir-gəlsin, Qarabağ münaqişəsi onlar üçün yalnız öz hakimiyyətlərini möhkəmləndirməyə yönələn siyasi alət olaraq qalacaq.

Leyla Elbrusqız
Azvision.az


Teqlər: Ermənistan   DağlıqQarabağ