Putindən Kerç olayına reaksiya – “Seçkiqabağı təxribatdır”

 Putindən Kerç olayına reaksiya –  “Seçkiqabağı təxribatdır”
  28 Noyabr 2018    Oxunub:5077
Rusiya prezidenti Vladimir Putin Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya donanmasının Ukraynaya məxsus 3 artilleriya gəmisini ələ keçirməsi və 24 heyət üzvünün saxlanmasilə bağlı Kiyevlə yaranan gərginliyə aydınlıq gətirib.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, “VTB Kapital. Rusiya çağırır!” adlı forumda çıxışı zamanı Putin baş verənlərin Ukrayna prezidenti Pyotr Poroşenko tərəfindən təşkil edilən seçkiqabağı təxribat olduğunu bəyan edib.

“Qara dənizdə baş verən insident, sözsüz ki, təxribatdır. Bu təxribat gələn ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində Ukraynanın hazırkı hakimiyyəti və prezidenti tərəfindən hazırlanıb. Çünki hazırkı prezidentin reytinqi hardasa 5-ci sətirdə yer alır və onun hətta ikinci tura keçmək şansı da yoxdur. Ona görə də vəziyyəti kəskinləşdirmək və öz rəqiblərinə - ilk növbədə də müxalifətdəki rəqiblərinə keçilməz maneələr yaratmaq üçün nəsə etmək lazımdır" - Putin deyib.

Rusiya sərhədçilərinin Ukrayna gəmilərinə münasibətdə davranışını təqdir edən Putinə görə, onlar Rusiya Federasiyasının ərazi bütövlüyünün qorunması üzrə öz qanuni funksiyalarını və hərbi vəzifələrini yerinə yetiriblər.

Putin onu da əlavə edib ki, Kiyevdəki hakimiyyət çox uğurlu anti-Rusiya əhvalı “satır”: “Çünki artıq onların satmağa başqa heç nəyi qalmayıb. Bu, Ukraynanın hazırkı rəhbərliyini rahatladan qısamüddətli siyasətdir və yaxşı heç nəyə gətirib çıxarmayacaq.”

Putinə həmçinin vurğulayıb ki, ikitərəfli münasibətlərdəki hazırkı çətinliklərə baxmayaraq və Kiyevdə kimin rəhbərliyə gəlməsindən asılı olmayaraq rus və Ukrayna xalqları həmişə dost və qardaş olaraq qalacaqlar.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti