Zurabişvili 59,52% səslə qələbə qazanıb - Yekun nəticə

  29 Noyabr 2018    Oxunub : 3667
Zurabişvili 59,52% səslə qələbə qazanıb - Yekun nəticə
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən prezident seçkilərinin ikinci turunun yekun nəticəsini açıqlayıb.

Azvision.az xəbər verir ki, seçki bülletenlərinin 100 faizinin sayılmasından sonra müstəqil namizəd Salome Zurabişvili səslərin 59,52%-ni, müxalif namizəd Qriqol Vaşadze isə 40,48%-ni toplayıb.
Bununla da, Gürcüstanın keçmiş xarici işlər naziri, hakim “Gürcüstan arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Zurabişvili növbəti 6 ildə Gürcüstanın ilk qadın prezidenti seçilib. Konstitusiyaya uyğun olaraq Zurabişvilinin inaqurasiya mərasimi dekabrın 16-da keçiriləcək.

Seçkilərin ikinci turunda Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 780 min seçici dəstəkləyib. İkinci turdakı ümumi seçici fəallığı isə 56,23% təşkil edib. Lakin bu göstərici ölkə hüdudlarından kənarda yaşayan seçicilərə aid deyil.

Bu dəfəki seçkilər xalqın birbaşa səsverməsi yolu ilə keçirilən son seçkilərdir. 2023-cü ildən etibarən Gürcüstan prezidentini xalq yox, 300 nəfərdən ibarət xüsusi nümayəndələr seçəcək.

Həm Gürcüstan, həm də Fransa vətəndaşı olan Zurabişvili bundan əvvəlki - 2013-cü ildəki prezident seçkilərinə də namizədliyini vermişdi, lakin ikili vətəndaşlığına görə onu qeydiyyata almamışdılar. Çünki Gürcüstan konstitusiyasının 29-cu maddəsinə uyğun olaraq, ikili vətəndaşlığa malik Gürcüstan vətəndaşı ölkənin prezidenti, baş naziri və parlamentin sədri postunu tuta bilməz. Bu səbəbdən də, Zurabişvili 2018-ci ilin avqustunda Fransa vətəndaşlığından imtina edərək seçki marafonuna qatılıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: