ABŞ-ın Azərbaycandakı səfiri postuna səsvermə təxirə salındı

ABŞ-ın Azərbaycandakı səfiri postuna səsvermə təxirə salındı
  29 Noyabr 2018    Oxunub:4494
ABŞ Senatının xarici məsələlər komitəsi Erl Litsenberqerin Azərbaycana səfir postuna namizədliyi üzrə səsverməni təxirə salıb.

Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsi məlumat yayıb.
Bildirilib ki, səsvermə ABŞ prezidentinin köməkçisi Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi tərəflərinə Amerika silahlarının satılması təklifindən Senatın narahatlıq keçirməsi fonunda təxirə salınıb.

Həmçinin, vurğulanıb ki, ABŞ-ın Azərbaycandakı səfiri postuna 19 namizəddən biri olan Litsenberqerin namizədliyi barədə növbəti dinləmə gələn il keçiriləcək.



Senatın xarici məsələlər komitəsində bundan əvvəlki dinləmələrdə Erl Litsenberqer Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına nail olmaq üçün ciddi səy göstərəcəyini vəd etmişdi. Bildirmişdi ki, “Azərbaycan uzun illərdir təhlükəsizlik və beynəlxalq terrorrizmlə mübarizə sahələrində Vaşinqtonla əməkdaşlıq edir. Həmçinin, Azərbaycan Amerika məhsullarının – təyyarələr, kənd-təsərrüfatı avadanlıqları, maşınlar, digər məhsul və xidmətlərin ixracı üçün əhəmiyyətli xarici bazar rolunu oynayır.”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sentyabrın əvvəlində Erl Litsenberqeri Amerikanın Azərbaycandakı səfiri postuna namizəd kimi irəli sürüb. Litsenberqer hazırda ABŞ Dövlət Departamentinin hərbi-siyasi məsələlər bürosunda baş məsləhətçi vəzifəsində çalışır. Fransız, rus, serb və bolqar dillərində sərbəst danışa bilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Senat   ABŞ  





Xəbər lenti