Azərbaycanda ordu üçün 47 milyon pul yığıldı

Azərbaycanda ordu üçün 47 milyon pul yığıldı
  02 Noyabr 2013    Oxunub:1237
Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmini açıqlayıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2013-ci il noyabr ayının 1-dək Silahlı Qüvvələrə Yardım Fondunun manat hesabına 47 milyon 586 min 569 AZN, dollar hesabına 211 min 791 ABŞ dolları, avrop hesabına 593 Avro pul daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu mərhum dövlət başçısı Heydər Əliyevin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Həmin sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmayan digər daxilolmalar hesabına formalaşır.

Silahlı Qüvvələrə Yardım Fondunun əsasnaməsinə görə, yığılan vəsait Silahlı Qüvvələrin maddi-texniki bazasının inkişafına, hərbi təyinatlı məmulatların hazırlanmasına, sınaqdan keçirilməsinə, onların istehsalına, təmirinə və modernləşdirilməsinə, hərbi elmi-tədqiqat və konstruktor-sınaq işlərinin aparılmasına, hərbi texnika, silah və döyüş sursatı alınmasına, hərbi kadrların hazırlanmasına, onların ixtisasının artırılmasına, hərbçilərin sosial və məişət problemlərinin həllinə yönəldilə bilər.

Beynəlxalq Bankın Binəqədi rayon filialında Silahlı Qüvvələrə Yardım Fondunun manat, dollar, avro hesabları fəaliyyət göstərir.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti