“Bu hadisə bizim birlikdə daha güclü olduğumuzu göstərdi” – Darxan Kıdırəli

“Bu hadisə bizim birlikdə daha güclü olduğumuzu göstərdi” – Darxan Kıdırəli
  29 Noyabr 2018    Oxunub:21263
“Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi bizim birgə uğurumuzdur. Çünki, Dədə Qorqud Altayalardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır. Bunu Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırəli deyib.
Azvision.az xəbər verir ki, Azərbaycan xalqını və bütün Türk dünyasını bu önəmli tarixi hadisə münasibəti ilə təbrik etdiyini bildirən TWESCO prezidenti Azərbaycanın bu prosesdə fəallığını yüksək qiymətləndirdiyini bildirib. Onun sözlərinə görə, dünya əhəmiyyətli mədəniyyət abidəsi olan “Dədə Qorqud” Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan və digər türkdilli ölkələrin birlik, bərabərlik və müxtəlifliyini, xalqlarımızın ailə dəyərlərini təbliğ edir. Bu misilsiz sənət və mənəviyyat abidəsində qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini geniş əksini tapır.

TWESCO prezidenti xatırladıb ki, 2015-ci ildə UNESCO-nun Parisdəki Baş qərargahında Azərbaycan Prezidenti İlham Əliyevin fərmanına uyğun olaraq Beynəlxalq Türk Akademiyası "Dədə Qorqud irsi və Türk dünyası" mövzusunda Beynəlxalq simpozium təşkil edib. Həmin simpoziumda Azərbaycan, Qazaxıstan, Türkiyənin UNESCO Milli Komissiyalarının da dəstəyi ilə “Dədə Qorqud”un türk dünyasının ortaq abidəsi kimi təşkilatın Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsinin zəruriliyi qeyd edilib.

Akademiya rəhbərinin sözlərinə görə, həmin il Prezident İlham Əliyevin təlimatı əsasında Altay dağlarında aparılan arxeoloji qazıntılar zamanı türk xalqlarına məxsus ən qədim qopuz nümunəsi də aşkarlanıb. Həmin qopuzun surətləri türkdilli ölkələrin dövlət başçılarına təqdim olunub. Bu gün “Dədə Qorqud” dastanında təsvir olunan yerlərə, ad və toponimlərə Azərbaycan, Qazaxıstan, Türkiyə, hətta Macarıstanda da rast gəlmək mümkündür. Bütün bunlar Dədə Qorqudun bütün türk dünyasının mənəvi sərvəti olduğunu göstərir.

TWESCO prezidenti qeyd edib ki, “Dədə Qorqud”la yanaşı Türk dünyasının bir çox maddi və qeyri-maddi mədəniyyət nümunələri artıq beynəlxalq təşkilatın qoruması altındadır. O, xüsusilə Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti kamança hazırlanması və ifaçılıq sənəti, muğam ifaçılığı, aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında olması, həmçinin, Çövkən ənənəvi atüstü oyunu və Yallı ənənəvi qrup rəqsinin təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasında Azərbaycan dövlətinin, xüsusilə Heydər Əliyev Fondunun böyük əmək sərf etdiyini bildirib. Bütün bunlar Türk dünyasının nə qədər böyük mənəvi mirasa sahib olduğunu gözlər önünə sərir.

Darxan Kıdırəli Türk dünyasının öz ortaq dəyərlərini birlikdə qorumaq və inkişaf etdirmək üçün daha sıx çalışmalı, səylərini birləşdirməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu hadisə bizim birlikdə daha güclü olduğumuzu bir daha əyani şəkildə göstərmiş oldu.

Azvision.az


Teqlər: Dədə-Qorqud-irsi   Tarix  





Xəbər lenti