Paşinyan Qarabağdakı erməni əsgərləri öz xeyrinə səs verməyə məcbur edir

Paşinyan Qarabağdakı erməni əsgərləri öz xeyrinə səs verməyə məcbur edir
  30 Noyabr 2018    Oxunub:5874
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan 9 dekabrda ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində lideri olduğu “Mənim addımım” blokunun qələbə çalaraq qanunverici orqanda mütləq çoxluğu ələ keçirməsi üçün Ermənistan ordusunun Qarabağdakı əsgərlərindən istifadə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın “168 saat” qəzeti məlumat yayıb.

Qəzet ordudakı etibarlı mənbəyə istinad bildirir ki, 9 dekabrda Qarabağda xidmət keçən erməni əsgərləri seçkilərdə iştirak üçün məcburi şəkildə avtobuslara yığılaraq Sünik əyalətinin Gorus və Qapan şəhərlərindəki seçki məntəqələrinə gətiriləcəklər.

Qarabağda qanunsuz yerləşdirilən Ermənistan ordusunun əsgərləri öz valideynlərilə telefon söhbətlərində də bu faktı təsdiq ediblər. Əsgərlərin valideynlərinin sözlərinə görə, oğulları onlara bildirib ki, seçkilərdə məcburi iştiraklarını Nikol Paşinyan təşkil edir və onlara şərt irəli sürülüb ki, hər biri Paşinyanın “Mənim addımım” blokuna səs versinlər.

Yayılan xəbərlərin İrəvandakı hazırkı müvəqqəti hökumətin və xüsusən də Paşinyanın imicinə zərbə vurmaması üçün Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əsgərlərə təzyiqlə bağlı qəzetin yazdıqlarını inkar edib: “Müdafiə Nazirliyinin hərbi qulluqçularının, o cümlədən də, çağırışçıların tamamilə sərbəst formada seçim etmək imkanı var. Ermənistan ordusunun əsgərləri xidmət keçdikləri hərbi hissələrə ən yaxın məsafədə yerləşən seçki məntəqələrində səs verəcəklər.”

Ovannisyanın sözlərinə görə, Ermənistan hərbçilərinin müstəqilliyinə şübhə etmək orduya təhqirdir.

Lakin “168 saat” qəzeti onu da yazıb ki, Ermənistanda seçkilər zamanı hakimiyyətin administrativ resurslardan istifadə etməsi və orduda xidmət edən əsgərlərə təzyiq göstərməsi ənənəsi hər kəsə məlumdur və bu, danılmaz faktdır. Bu mənada istisna olunmur ki, qələbəni təmin emtək üçün Paşinyan da sələflərinin yolu ilə getməkdə qərarlıdır.

Amma Ovannisyanın bəyanatında diqqət çəkən ən önəmli məqam odur ki, indiyədək Qarabağın “müstəqil” olduğunu və orada Ermənistan Silahlı Qüvvələrinin yox, Qarabağın öz “ordusunun” xidmət keçdiyini deyən İrəvan, Müdafiə Nazirliyi səviyyəsində bunun yalan olduğunu rəsmən etiraf etmiş oldu.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti