İstefaya gedən general: “Gələcək taleyimi özüm də bilmirəm”

İstefaya gedən general: “Gələcək taleyimi özüm də bilmirəm”
  02 Noyabr 2013    Oxunub:1472
General Beydullayev danışdı.
AzVision.az xəbər verir ki, bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə istefaya göndərilən Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev tutduğu vəzifədən azad olunmasına münasibət bildirib. General-mayor M.Beydullayev Publika.Az-a açıqlamasında hazırda məzuniyyətdə olduğunu söyləyib: “Bir ay yarımlıq məzuniyyət götürmüşəm. Hələ mənə heç bir söz də deyilməyib, ancaq sərəncama çıxarılmışam. Gələcək taleyimi özüm də bilmirəm”.

Yeni müdafiə nazirinin kadr islahatlarına da toxunan M.Beydullayev bildirib ki, indi bunu zaman göstərəcək: “Mən bu barədə hələ heç bir söz deyə bilmərəm. Aydın məsələdir ki, yeni nazir təyin olunursa, yeni komanda da gəlməlidir, yeni baxış olmalıdır və sairə. Yeni kadr islahatlarını mən bu cür başa düşürəm. İndi kimi istifadə edəcəklər və ya kimi istifadə etmyəcəklərsə, bu qərarı yeni nazir özü verəcək. Hazırda mənim 60-dan çox yaşım var. Yəni, mənim təxris olunmaq vaxtım da çatıb. Qanunla mən 58 yaşımda ordudan təxris olunmalı idim, amma indi 61 yaşımın olmasına çox az qalır, ancaq ordudayam. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Mən heç vaxt da narazı ola bilmərəm. Mən əmrə tabe olan adamam, mən hərbçiyəm. Mənə əmr verilirsə ki, sən filan vəzifədə işləməlisən, o zaman mən işləyirəm. İndi mənə əmr verildi ki, sən sərəncamdasan. Mən də sərəncamdayam. Dedilər ki, sən təxris olunacaqsan, indi mən təxris olmağa hazıram. Mən hərbçiyəm, məni belə öyrədiblər. Bir daha öz mövqeyimi bildirəm ki, yeni kadr islahatlarından heç vaxt narazı ola bilmərəm”.

Baş İnspeksiyasının rəisi sabiq rəisi M.Beydullayev yeni müdafiə naziri ilə münasibətləri məsələsinə də aydınlıq gətirib: “Mən yeni naziri demək olar ki, tanımıram. Onun barəsində ancaq eşitmişəm. Bizim heç bir tanışlığımız olmayıb”.

Xatırladaq ki, ordu quruculuğunda böyük xidmətləri olmuş Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi, general-mayor Məmməd Beydullayev bu yaxınlarda yeni müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Müdafiə naziri onun yerinə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Fəxrəddin Cəbrəyılovu təyin edib.


Teqlər:  





Xəbər lenti