Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı

  02 Dekabr 2018    Oxunub : 4060
 Tbilisidə müxalifətin kütləvi etiraz aksiyası başladı
Gürcüstan parlamentinin Tbilisidəki binası qarşısında müxalif “Güc birlikdədir” koalisiyasının kütləvi etiraz aksiyası başlayıb. Aksiyanın əsas tələbi növbədənkənar parlament seçkiləridir.
Rustaveli prospekti avtomobillərin hərəkəti üçün bağlanıb. Təşkilatçılar aksiyada 10 minlərlə insanın iştirak etdiyini bildirib. Aksiyaya bölgələrdən də qatılanlar var.

Etirazçılar qarşısında çıxış edən“Güc birlikdədir” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze təmsil etdiyi birliyin prezident seçkilərinin nəticələrini tanımadığını deyib:

“Seçkilər xalqın iradəsini əks etdirmir. Gürcüstan demokratik ölkədir, lakin seçkilər demokratik standartlara uyğun keçirilmədi. Biz, hakimiyyətin xalqa məxsus olması, Gürcüstanın parlaq və demokratik gələcəyi uğrunda mübarizə aparırıq”.

Müxalifətçilərin sözlərinə görə, tələbləri yerinə yetirilməyənə qədər aksiyalar davam etdiriləcək.

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin II turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qirqol Vaşadze isə 40,48% səs əldə edib. (Report)

Azvision.az

Teqlər: Gürcüstan   Etiraz