Metsamor AES-də ciddi korrupsiya faktı

  03 Dekabr 2018    Oxunub : 2848
Metsamor AES-də ciddi korrupsiya faktı
Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) ölkədə külli miqdarda korrupsiya faktları aşkarlayıb və onlarla əlaqədar 10 cinayət işi açılıb. Cinayət işlərindən biri də Ermənistanın Mesamor Atom Elektrik Stansiyasındakı (AES) ciddi korrupsiya faktı ilə bağlıdır.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nin mətbuat xidməti bildirib. Aparılan istintaq nəticəsində məlum olub ki, Metsamor AES-in vəzifəli şəxslərilə sıx əlaqədə olan bir neçə nəfər AES üçün təhlükəsizlik sistemlərinin formal sənədlərini hazırlayaraq əsl dəyəri 7 milyon dram (təqribən 15 min ABŞ dolları) olan təhlükəsizlik sistemlərinin qiymətini süni şəkildə artıraraq onları 33 milyon drama (təqribən 68 min ABŞ dolları) satıblar.

Bununla da, Metsamor AES-in rəhbərliyi qiymətləri süni qaydada artırmaq barədə satıcılarla əvvəlcədən razılaşma əsasında Ermənistanın dövlət büdcəsinə 25 milyon dram (təqribən 52 min ABŞ dollarına yaxın) məbləğində ziyan vurublar. Metsamor AES-dəki bu cür irimiqyaslı korrupsiya faktı ilə əlaqədar cinayət işi açılıb, istintaq davam etdirilir.

Qeyd edək ki, Metsamor AES-in reaktorlarının istismar müddəti çoxdan bitib və region da daxil olmaqla, Avropa üçün ciddi radiasiya təhlükəsi mənbəyinə çevrilib. Metsamor AES nüvə və radioaktiv maddələrin qaçaqmalçılığı baxımdan da olduqca təhlükəlidir. Bu mənada Azərbaycan və digər region ölkələri, o cümlədən Avropa İttifaqı AES-in bağlanmasını tələb edir.

Əvvəllər “Avroatom”la İrəvan arasında aparılan danışıqlar zamanı Brüssel Metsamor AES-in modernləşdirilməsi üçün 200 milyon avro ayırmağa hazır olduğunu bildimişdi. Lakin sonrakı araşdırmalar zamanı aydın oldu ki, AES nəinki modernləşdirilməyə, hətta təmirə belə yararlı deyil. Brüsselə görə, Metsamorun işini beynəlxalq təhlükəsizlik tələblərinə tam uyğunlaşdıracaq qədər yaxşılaşdırmaq mümkün olmadığı üçün stansiyanı mümkün qədər tez bağlamaq lazımdır.

Buna baxmayaraq, Ermənistan hökuməti AES-in istifadəsini 2026-ci ilə qədər uzadıb. Yeni AES-in tikintisi üçün isə 5 milyard ABŞ dolları maliyyə tələb olunur ki, buna nə İrəvanın gücü çatır, nə də beynəlxalq maliyyə qurumları, Avropa İttifaqı və digərləri Ermənistandakı iqtisadi böhran fonunda bu məbləğdə yardım və ya kredit ayırmaq istəyirlər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Metsamor   Avropaİttifaqı