Ali Rada Rusiya ilə dostluq müqaviləsini dayandırır

 Ali Rada Rusiya ilə dostluq müqaviləsini dayandırır
  03 Dekabr 2018    Oxunub:4024
Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya (parlament) Ukrayna ilə Rusiya Federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin qüvvəsinin dayandırılması barədə təxirəsalınmaz qanun layihəsi təqdim edib.
Azvision.az xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir. Lakin məlumatda bununla bağlı izahedici mətn yerləşdirilməyib.

İstisna edilmir ki, təxirəsalınmaz qanun layihəsinin təqdimatı bu günlərdə Azov dənizi ilə Qara dənizi birləşdirən Kerç boğazında Rusiya sərhəd qüvvələri və Qara dəniz donanması tərəfindən Ukraynaya məxsus 3 artilleriya gəmisinin ələ keçirilməsi və bütövlükdə gəmilərdəki heyətin 24 üzvünü saxlaması ilə əlaqədardır.

Qeyd edək ki, 17 sentyabrda Poroşenko Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının Ukrayna ilə Rusiya Federasiyası arasındakı “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə”nin ləğvi barədə qərarının qüvvəyə minməsinə dair fərman imzalayıb. Daha sonra Ukrayna nazirlər kabineti XİN-ə tapşırıb ki, 27 sentyabradək Kiyevin müqaviləyə xitam vermək istəyi barədə Moskvanı və beynəlxalq təşkilatları məlumatlandırsın.

İndi isə Ukrayna qanunvericiliyinə uyğun olaraq müqavilənin qüvvəsinin dayandırılması barədə qanun layihəsini Ali Rada təsdiqləməlidir.

Xatırladaq ki, 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” ilə Ukrayna və Rusiya arasında qarşılıq hörmət, suveren bərabərlik, ərazi bütövlüyü, sərhədlərin pozulmazlığı, mübahisələrin sülh yolu ilə həlli, iqtisadi və digər növ təzyiq vasitələrindən istifadə də daxil olmaqla güc tətbiq etməmək və güclə hədələməmək prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurulub. Əgər tərəflərdən heç biri etiraz etmirsə, müqavilənin uzadılma müddəti əvvəlki prolonqasiyadan başlayaraq 10 ildir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Rusiya  





Xəbər lenti