Berlin Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcək

  03 Dekabr 2018    Oxunub : 3099
Berlin Ukrayna ilə Rusiya arasında vasitəçilik edəcək
Almaniyanın xarici işlər naziri Hayko Maas Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində 6 dekabrda ukraynalı və rusiyalı həmkarları Pavel Klimkin və Sergey Lavrovla görüşərək Kerç insidentini müzakirə edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Adebar keçirdiyi brifinqdə açıqlayıb.

“Xarici işlər naziri cümə axşamı ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünə qatılacaq. Orada Normand görüşü keçirilməyəcək , amma Ukrayna XİN rəhbəri ilə danışıqlar olacaq. Eləcə də, eyni danışıqlar Rusiya XİN-in rəhbərilə də planlaşdırılıb” – Adebar bildirib.

Xatırladaq ki, 25 noyabrda Ukraynaya məxsus “Berdyansk” və “Nikopol” kiçik zirehli artilleriya katerləri, həmçinin “Yanı Kapu” yedək gəmisi tapşırığı yerinə yetirib geri qayıdarkən Rusiyanın Qara Dəniz Donanması tərəfindən ələ keçirilib. Həmçinin ümumilikdə gəmilərdəki 24 nəfər ukraynalı dənizçi də saxlanılıb. Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, Rusiyanın Qara dənizdəki ərazi sularına girən gəmilər Rusiya sərhəd xidmətinin xəbərdarlıqlarına baxmayaraq, təhlükəli manevrlər etdiyindən onlara qarşı silahlı güc tətbiq edilərək dayandırılıblar. Əməliyyat zamanı 3 Ukrayna hərbçisinin yaralandığı və sonradan onlara tibbi yardım göstərildiyi bildirilib. İnsidentlə əlaqədar Rusiya sərhədlərinin pozulması üzrə cinayət işi açılıb və ukraynalı dənizçilərdən biri həbs olunub.

Ukrayna tərəfi isə Rusiyanın yaydığı məlumatın düzgün olmadığını və yaralı hərbçilərin 6 nəfər olduğunu bildirib. Rəsmi Kiyevə görə, Rusiyanın Ukrayna Hərbi Dəniz Qüvvələrlərinin gəmilərinə hücumu hərbi təcavüz aktıdır. Bu səbəbdən də, Ukraynanın 10 regionunda 30 günlük hərbi vəziyyət elan olunub.

Kerç insidentindən sonra Ukrayna prezidenti Pyotr Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlamağa çalışsa da, zəngi cavabsız qalıb. Bu gün isə Putinin köməkçisi Yuri Uşakov bildirib ki, yaxın günlərdə Putinin Poroşenko ilə telefon söhbəti planlaşdırılmır.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ukrayna   Kerç   Rusiya   Almaniya   ATƏT