Fransada 139 etirazçı məhkəməyə çıxarılacaq

Fransada 139 etirazçı məhkəməyə çıxarılacaq
  03 Dekabr 2018    Oxunub:5196
Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artmasına qarşı keçirilən aksiyalar zamanı həbs olunan 139 etirazçı məhkəmə qarşısına çıxarılacaq.

Azvision.az xəbər verir ki, bu barədə “Europe 1” məlumat yayıb.
Bildirilib ki, onlardan 111 nəfərin həbsdə saxlanılma müddəti uzadılıb. Fransa prezidenti Emmanuel Makron ölkə boyu yayılaraq onun postuna təhlükə yaradan etirazlarda gərginliyin azaldılması üçün bu gün müxalifət liderləri ilə görüşərək çıxış yolu tapmağa çalışıb. Lakin müxalifətin mərkəz-sağçı Respublikaçılar partiyasının lideri Loran Vokviz bildirib ki, Makronla görüş səmərəsiz olub: “Hökumət ictimai qəzəbin dərinliyini anlaya bilmədi. Bu görüşdən çıxan yeganə nəticə o oldu ki, məsələ parlamentdə müzakirəyə çıxarılsın".



Qeyd edək ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində yüz minlərlə taksi sürücüsü benzinin bahalaşmasına və sosial xərclərin çoxalmasına qarşı çıxaraq “sarı gödəkçələr” adlı etiraz aksiyası keçirirlər. Artıq bir sıra tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunur.

Təkcə 1 dekabrdakı Paris etirazlarında polislə toqquşmada 412 nümayişçi saxlanılıb, 133 nəfər yaralanıb. Xəsarət alanlardan 23-ü polis əməkdaşları olub.

Paris meriyasının məlumatına görə, həmin gün etirazçıların şəhərə vurduğu ziyanın ümumi həcmi 3-4 milyon avro təşkil edib. Həmçinin, Fransadakı etirazlar zamanı nümayişçilər “Total” neft-qaz şirkətinə məxsus 11 yanacaq anbarına girişi bloklayıblar. Nəticədə bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaşanıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Paris   Aksiya   Fransa  





Xəbər lenti