Rus hərbçi erməni süpürgəçini öldürüb?

Rus hərbçi erməni süpürgəçini öldürüb?
  03 Dekabr 2018    Oxunub:5881
Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdəki 102-ci rus hərbi bazasının müqavilə əsasında xidmət keçən hərbçisinin şəhərin 1961-ci il təvəllüdlü süpürgəçisi Cülyetta Qazaryanı amansızcasına döyərək öldürməsi, yaxud onun ölümündə iştirak etməsilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Azvision.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, səfirliyin mətbuat xidməti məsələ ilə bağlı ortada yanlış anlaşılma olduğunu bəyan edib.

Belə ki, 3 dekabrda 102-ci hərbi bazanın hərbçilərindən biri xidmətə çıxmayıb. Belə hallarda qarşılıqlı əməkdaşlıq reqlamentinə müvafiq olaraq, Gümrüdəki rus hərbi bazası əsgərin xidmətə gəlməməsi barədə yerli hüquq-mühafizə orqanlarını məlumatlandırmalıdır. Həmin hərbçi barədə informasiya avtomatik şəkildə istintaqın axtarış siyahısına düşüb və bu da 57 yaşlı süpürgəçinin qətlində şübhəli bilinməsinə səbəb olub.

Həmçinin, Gümrüdəki rus hərbi hissəsinin komandanlığı Rusiyanın Gümrüdəki baş konsulluğunun nümayəndələri və Ermənistan polisi ilə birlikdə aydınlaşdırıblar ki, rus hərbçinin qətldə iştirak dərəcəsi və günahkar olmasına dair fakt aşkarlanmayıb.

Qeyd edək ki, bəzi KİV-lərdə Cülyetta Qazaryanı rus hərbçisinin öldürdüyü barədə məlumatlar yayılmışdı. Lakin Ermənistanın İstintaq Komitəsi bildirib ki, cinayət naməlum şəxs tərəfindən törədilib və onun tapılması istiqamətində istintaq davam etdirilir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Gümrü   Rusiya  





Xəbər lenti