BMT-nin baş katibi vəliəhdlə Kaşoqinin qətlini müzakirə edib

 BMT-nin baş katibi vəliəhdlə Kaşoqinin qətlini müzakirə edib
  04 Dekabr 2018    Oxunub:4017
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş Argentinada keçirilən “G20” sammiti çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla jurnalist Camal Kaşoqinin qətlə yetirilməsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak bildirib.

“Baş katib vəliəhdin diqqətinə çatdırdı ki, Kaşoqi işində vəziyyətin aydınlığı və şəffaflıq olduqca vacibdir. Eləcə də, jurnalistin qətlində günahkar olanların hər birinin məsuliyyətə cəlb edilməsi də vacibdir” – BMT rəsmisi vurğulayıb.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, onu Səudiyyəyə geri qaytarmağa çalışanlarla arasında münaqişə yaranıb və jurnalistə ölümcül maddənin olduğu iynə vurulub. Daha sonra isə bədəni hissələrə ayrılaraq konsulluğun binasından çıxarılıb. Hazırda Səudiyyə rəhbərliyi qətldə şübhəli bilinən 21 nəfəri istintaqa cəlb edib. Onlardan 11-i həbs olunub və Səudiyənin baş prokuroru həbs edilənlərdən 5-nə edam cəzası istəyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   BMT  





Xəbər lenti