Paşinyan seçkini saxtalaşdırmağa başladı

Paşinyan seçkini saxtalaşdırmağa başladı
  04 Dekabr 2018    Oxunub:4544
Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın göstərişi əsasında ölkənin güc strukturları 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə şansı yüksək olan rəqib partiyalara qarşı təhdid metoduna keçiblər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, sabiq prezident Serj sarkisyanın sədlik etdiyi Respublikaçılar partiyasının üzvü Arpine Ovannisyan bəyan edib.

O, “Facebook” səhifəsində bildirib ki, Paşinyanın tərəfdarları tərəfindən özünə və ailə üzvlərinin həyatına qarşı hədələr olmasına və bununla bağlı şikayət etməsinə baxmayaraq, nədənsə polis müvəqqəti hökumətə müxalif olanların ünvanına təhdidlərlə bağlı cinayət işi açmır.

“Nəhayət ki, mən polisin niyə belə etdiyini anladım. Çünki onların başı özlərinin ən yüksək səviyyədə hədələr etməsinə qarışıb. Bizə siqnallar daxil olur ki, Respublikaçılar partiyasının əməkdaşlarını, seçki qərargahının işçilərini və onların yaxınlarını təhdid edirlər ki, əgər Respublikaçılar konkret seçki məntəqələrində 10 faizdən çox səs toplasalar, onda ciddi problemləri olacaq. Hətta bəzilərini məcbur edirlər ki, səsvermə gününədək ölkəni müvəqqəti tərk etsinlər. Yeri gəlmişkən, dediklərimi asanlıqla sübut etmək olar. Bütün silahdaşlarımızı qorxmamağa, birləşərək seçkilərdə iştiraka səsləyirəm. Bununla onlar bu hakimiyyətin bizi üzləşdirdikləri təhdidlərdən agah olduqlarını göstərəcələr” - Ovannisyan vurğulayıb.

Ermənistan parlamentinin vitse-spikeri onu da deyib ki, polis qüvvələri ona təzyiqlər edərək guya korrupsiya və cinayətkarlıqla mübarizə adı altında aparılan istintaq çərçivəsində konkret adlar çəkməsini tələb edirlər: “Ermənistan polisini bu cür qanunsuz fəaliyyətlərə son qoymağa çağırıram. Gözləməyin ki, mən kimlərinsə adını çəkəcəyəm. Çünki siz özünüz onları məndən də yaxşı tanıyırsınız. Elə buna görədir ki, indi Ermənistanda cinayətlərin üstünün açılma səviyyəsi 30 faizədək düşüb”.

Erməni politoloq, jurnalist David Stepanyan isə qeyd edib ki, parlament seçkiləri ərəfəsində Ermənistan polisi seçici siyahılarına ciddi dəyişikliklər edib. Nəticədə, 2017-ci illə müqayisədə Ermənistanda seçicilərin sayı 13,5 min nəfər ixtisar olunub. Bu isə olduqca böyük rəqəmdir. Polisin müdaxiləsindən sonra hazırda Ermənistanda seçicilərin ümumi sayı 2 milyon 574 min 916 nəfərə enib.

Erməni KİV-ləri yazır ki, polisin ixtisara saldığı seçicilər daha çox əvvəllər Respublikaçıların daimi qələbə çaldıqları dairələrdə qeydə alınıblar. Qeyd olunur ki, hakimiyyətə gəldikdən sonra parlament seçkilərində mütləq qələbəni təmin etmək üçün Respublikaçılarla mübarizədə əhəmiyyətli üstünlüyə nail olmağın çətinliyini anlayan Paşinyan deputatların majoritar yox, proporsional qaydada seçilməsi üçün Ermənistanın Seçki Məcəlləsində dəyişiklik cəhdləri fiaskoya uğradıqdan sonra “seçkilərin şəffaflığı” adı altında indi də polisin “xidmətindən” yararlanır.

Polisin qanuna zidd gedərək seçkilərə müdaxiləsinə göz yumulması gələcəkdə daha ciddi problemə çevrilə bilər. Məsələn, Paşinyan hakimiyyətinin dayağı artıq onun xalq arasındakı tərəfdarları yox, güc strukturları ola bilər. Və Müdafə Nazirliyinin də bu prosesə qoşulmasilə Qarabağdakı erməni əsgərlərin seçkilərdə Paşinyanın “Mənim addımım” blokuna səs verməyə məcbur edilməsi, artıq Paşnyan “hərbi diktatura”sının başlanğıcıdır.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan   Seçki  





Xəbər lenti