Ermənistan Avropada ən çox militarlaşan ölkədir - Hesabat

Ermənistan Avropada ən çox militarlaşan ölkədir -  Hesabat
  04 Dekabr 2018    Oxunub:5039
Ermənistan dünyanın ən çox militarlaşmış 3-cü, Avropanın isə ən çox militarlaşmış 1-ci ölkəsinə çevrilib.

Azvision.az xəbər verir ki, bu barədə Bonn Beynəlxalq Konversiya İnstitutunun 2018-ci il üzrə qlobal militarlaşma indeksi barədə dərc etdiyi hesabatda deyilib.
Sənəddə qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranan son irimiqyaslı müharibədə itkilərə rəğmən, Ermənistan rəhbərliyi militarlaşma yolunu tutub.

“2016-cı ilin aprelindəki qanlı silahlı toqquşmadan sonra atəşkəs üzrə aparılan danışıqlara baxmayaraq, son 2 ildə Dağlıq Qarabağ bölgəsində atəşlər səngimir. Regionda artan gərginlik fonunda Ermənistan silahlı qüvvələrinə daha çox resurs cəlb etməyə başlayıb” - hesabatda vurğulanıb. Bu, beynəlxalq səviyyədə İrəvanın təcavüzkar siyasətinin növbəti təsdiqi olub.

2018-ci il üzrə qlobal militarlaşma indeksi siyahısının ilk onluğa daxil olan ölkələrin sıralaması ardıcıllıqla belədir: İsrail, Sinqapur, Ermənistan, Kipr, Cənubi Koreya, Rusiya, İordaniya, Bruney və Belarus. Məhz bu ölkələr sosial həyatın digər sferaları ilə müqayisədə hərbi ehtiyacları üçün daha çox resurs cəlb edirlər.

2017-ci ilin məlumatlarına əsaslanaraq tərtib edilən və 155 ölkənin yer aldığı siyahıda qonşularımız Türkiyə 20-ci, İran 22-ci, Gürcüstan isə 52-ci yerdə qərarlaşıblar.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Ermənistan   Türkiyə   Rusiya   İran  





Xəbər lenti