Fransa vergi artımını müvəqqəti dayandırdı

  04 Dekabr 2018    Oxunub : 3294
Fransa vergi artımını müvəqqəti dayandırdı
Xəbər verdiyimiz kimi, Fransa hökuməti bu gün yanacaq vergilərinin artırılmasını müvəqqəti olaraq dayandırıb. Fransa baş naziri Eduard Filip bəyan edib ki, ölkəni bürüyən şiddətli etirazlar nəticəsində hökumət yanacaq qiymətlərinin artırılmasını 6 ay müddətinə təxirə salıb.
Azvision.az xəbər verir ki, baş nazir yanvarın 1-dən qüvvəyə minəcək vergilərin tətbiqinin bu gündən müvəqqəti dayandırıldığını deyib.

“Zorakılıq başa çatmalıdır. Biz respublikanın prezidenti (Emmanuel Makron) ilə belə bir qərar verdik: məsləhətləşmələr apardıqdan sonra yanvarın 1-dən qüvvəyə minəcək 3 vergi artımını 6 ay müddətinə dondururam. Vergilərin artırılması barədə qərar bütün tərəflərlə müzakirələr aparılmadan qəbul edilməyəcək” – Filip Fransa televiziyasının efirində bildirib.

Etirazlar başalayandan bəri 4 fransalının həyatını itirdiyinə diqqət çəkən baş nazirin sözlərinə görə, heç bir vergi millətin birliyini təhdid altına ata bilməz.

“Hərəkatın (“sarı gödəkçələr”) başladığı andan bizim 4 soydaşımız öldü. Yüzlərlə vətəndaşımız, xüsusən də asayişi qoruyan qüvvələrimizin əməkdaşları ciddi yaralandı” – baş nazir vurğulayıb.

Filip onu da əlavə edib ki, Fransanın vergi sistemində mümkün dəyişiklərlə bağlı 15 dekabrdan 1 martadək ölkə üzrə milli səviyyədə debatlar keçiriləcək.

Qeyd edək ki, Fransa Niderlanddan sonra Avropada benzin (64%) və dizelə (59%) ən çox vergi tətbiq edən ölkələrdəndir. Belə ki, son bir ildə Fransada yanacaq qiymətləri ümumilikdə 23% qalxıb və 2000-ci ildən etibarən ən yüksək həddə çatıb.

Makron bərpa olunan enerji mənbələrinin maliyyələşməsi üçün neftdən alınan digər yanacaq növlərinə tətbiq edilən vergini artırmaq qərarına gəlib – yanvarın 1-dən benzin qiymətləri 2,9 faiz, dizelinki isə 6,5 faiz artırılmalı idi. Lakin Fransa əhalisi, xüsusən də sürücülər prezidentin bu qərarına qarşı çıxaraq 17 noyabrdan etibarən “sarı gödəkçələr” adlı etiraz aksiyası keçiriblər. Bir sıra tələbələr və digər peşə sahiblərinin nümayəndələri də onlara qoşulublar. Aksiyalarda prezident Emmanuel Makronun istefası tələb olunub.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Fransa   Aksiya