Tramp Çinə yenidən xəbərdarlıq etdi

 Tramp Çinə yenidən xəbərdarlıq etdi
  05 Dekabr 2018    Oxunub:3570
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton ya Pekinlə yaxşı ticarət müqaviləsi imzalayacaq, ya da Çin mallarına böyük həcmdə gömrük tarifləri tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Tramp öz "Tvitter" səhifəsində yazaraq Çinə növbəti xəbərdarlığını edib.

“Biz ya Çinlə real saziş bağlayırıq, ya da prinsipcə heç bir saziş olmayacaq – belə halda biz Çindən ABŞ-a gələn məhsullara əhəmiyyətli dərəcədə yüksək gömrük rüsumları qoyacağıq” – Tramp vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, gec-tez Vaşinqton Pekinlə bu cür ticarət müqaviləsi imzalamağa nail olacaq.

Qeyd edək ki, bundan əvvəl Tramp bildirmişdi ki, əgər Pekinlə hansısa razılaşma əldə olunmasa, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq, yanvarın 1-dən 10%-dən 25%-ə qaldıracaq.

Nəticədə, Argentinada keçirilən “G20” sammiti çərçivəsində Çin lideri Si Tsinpinlə Tramp arasındakı görüşdə tərəflər 1 yanvardan etibarən qarşılıqlı olaraq bir-birindən idxal etdikləri məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı Tramp yanvarın 1-də tarifləri artırmayacağını vəd edib. Lakin Ağ Evin sözçüsü Sara Sanders isə bəyan edib ki, əgər 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməzsə, rüsumlar 25%-ə qaldırılacaq.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: G20   Çin   ABŞ  





Xəbər lenti