Sülh üçün Ər-Riyaddan İsveçə yollandılar

Sülh üçün Ər-Riyaddan İsveçə yollandılar
  05 Dekabr 2018    Oxunub:4271
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının dəstəklədiyi Yəmən hökumətinin nümayəndə heyəti İranın dəstəklədiyi husi silahlı üsyançıları ilə sülh danışıqları aparmaq üçün İsveçə yollanıb.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Mənsur Hadinin beynəlxalq birlik tərəfindən tanınan leqitim hökumətinin nümayəndələri İsveçdəki danışıqlara Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddan gediblər.

BMT-nin vasitəçiliyilə keçiriləcək İsveç danışıqlarının baş tutması üçün təşkilatın Yəməndəki xüsusi elçisi Martin Qriffits görüşdən öncə bəzi etimadyaradıcı tədbirlər görərək, Yəməndəki döyüşlərdə yaralanmış 50 husi üsyançının evakuasiyasına və təyyarə ilə Omana uçaraq orada müalicə edilmələrinə nail olub. Nəticədə, 2016-cı ildən sonra ilk dəfə husilər danışıqlarında birbaşa iştiraka razılıq verib və onların nümayəndə heyəti artıq dünən İsveçə çatıb.

Yəməndə sülh üzrə danışıqların sonuncu mərhələsində diqqət əsasən, tərəflər arasında digər etimadyaradıcı addımların atılması və keçid hökumətinin formalaşdırılması məsələlərinə ayrılacaq.

Qeyd edək ki, jurnalist Camal Kaşoqinin qətlindən sonra ABŞ Yəməndə atəşkəslə bağlı Səudiyyəyə təzyiqlər edib. Belə ki, Pentaqonun rəhbəri Ceyms Mettis 30 gün ərzində Yəməndə atəşkəs elan edilməsini tələb edib. Dövlət katibi Mayk Pompeo isə Yəmən münaqişəsini həll etmək vaxtının yetişdiyini və yaxın günlərdə üçüncü bir ölkədə konfrans çağırılmasının vacibliyini bildirib. ABŞ-ın ardından Fransa və Böyük Britaniya da Yəməndə atəşkəs bəyanatları səsləndiriblər.

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. İran isə husiləri dəstəkləyərək onlara hərbi-maliyyə yardımı göstərir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir.

Yəməndəki münaqişədə 10 minlərlə insan həyatını itirib, 8 milyon insan isə aclıqla üzləşib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Səudiyyə   İran   BMT   Yəmən  





Xəbər lenti