Çin ABŞ-dan neft idxalını bərpa edir

Çin ABŞ-dan neft idxalını bərpa edir
  05 Dekabr 2018    Oxunub:4361
Çinin ən böyük neft idxal edən “Unipec” şirkəti 2019-cu ilin martın 1-də ABŞ-dan neft idxalını bərpa edəcək.

Azvision.az xəbər verir ki, bu barədə 3 etibarlı mənbədən “Reuters”ə məlumat daxil olub.
Mənbələrin sözlərinə görə, bu barədə qərar “G20” sammitində ABŞ prezidenti Donald Trampla Çin lideri Si Tsinpin arasında əldə olunan razılaşmadan sonra neft idxalına əlavə tariflərin qoyulması riski azaldıqdan sonra qəbul olunub.

Qeyd edilib ki, iki ölkə arasındakı ticarət mübahisələrinin yoluna qoyulması üçün nəzərdə tutulan 90 günlük danışıqlar müddətinin bitməsindən sonra martda Çin ABŞ-dan yenidən neft alacaq.

“Neftin qiymətləri aşağıdır və ona görə də kommersiya ehtiyatı kimi anbarlara bir qədər xam neft yığmaq iqtisadi cəhətdən məntiqlidir. ABŞ xam neftini almaq istəyən çinli şirkətlər 90 günlük risk müddətinin bitməsindən sonra idxala tələsəcəklər”, – deyə adının çəkilməsini istəməyən mənbə bildirib.

Lakin “Unipec”in ABŞ-dan idxal edəcəyi neftin dəqiq həcmi barədə məlumat verilməyib. Bununla belə, mənbələrdən biri yanvardakı neft idxalı rekordunun (sutkalıq 472 min barrel) yenilənəcəyini istisna etməyib.

Qeyd edək ki, 2018-ci ilin ortalarında Vaşinqtonla Pekin arasında ticarət müharibəsi başlamazdan öncə Çin ABŞ-dan ən çox neft idxal edən birinci ölkə idi. Lakin neft idxalına tariflər qoyulmamasına rəğmən, məhz ticarət mübahisələri üzündən oktyabrda Çin idxalı dayandırdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: G20   Çin   ABŞ  





Xəbər lenti