Rusiya “Bal-E” kompleksini Azərbaycana satmaqdan imtina edib?

  05 Dekabr 2018    Oxunub : 4996
 Rusiya “Bal-E” kompleksini Azərbaycana satmaqdan imtina edib?
Rusiya sahil mühafizəsinin təşkili üçün istifadə olunan və “X-35” gəmi əleyhinə raketlərlə təchiz edilən “Bal-E” raket kompleksini Azərbaycana satmaqdan imtina edib. Buna səbəb isə, Rusiya Müdafiə Nazirliyinin bu raketlərin satışı əleyhinə sərgilədiyi qəti mövqeyidir.
Azvision.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti hərbi mənbələrinə istinadən yazıb. Qeyd olunur ki, Rusiya Müdafiə Nazirliyinin hərbçiləri hətta “Bal-E” kompleksinin ixracat üçün modifikasiya olunmuş raketlərinin də Rusiyanın Xəzərdəki hərbi donanmasının gəmilərinə potensial təhdid yarada biləcəyini deyiblər.

Bununla belə rusiyalı hərbçilər hesab ediblər ki, təkcə “Bal-E” raketlərinin satışından imtina ilə Rusiya-Azərbaycan münasibətlərinə xələl gəlməyəcək, çünki son illər ərzində Bakı 5 milyard dollar dəyərində rus silahı və hərbi texnikasını alıb.



Qeyd olunur ki, Azərbaycanın “Bal” tipli raket komplekslərinə marağı və onları almaq niyyəti Astanadakı KADEX-2014 hərbi sərgisi çərçivəsində yaranıb. “Kommersant”ın mənbəyi bildirib ki, hətta Bakı ilə Moskva “Bal-E” kompleksinin və onlarla “3M24” raketlərinin (“X-35E”nin ixrac versiyasi) alışı ilə bağlı müqaviləni də paraflaşdırmışdılar. Lakin məsələ müqavilə imzalanmasınadək gedib çıxmadı. Çünki Rusiyanın Müdafiə Nazirliyi bu komplekslərin satışının Rusiyanın maraqları baxımından məqsədəuyğun olmadığını deyib və Moskva hərbçilərin məsləhətinə qulaq asıb.



Mənbə deyib ki, hazırda “Bal-E” raket kompleksinin Azərbaycan Silahlı Qüvvələrinə tədarükü müzakirə edilmir, çünki ortada həm də “olduqca həssas geosiyasi nüans var”. Belə ki, son illər “X-35” raketlərinin özüidarəolunan başlıqları təkcə dəniz yox, həm də yerüstü hədəflərin məhv edilməsi üçün modernizasiya edilib. Mənbənin iddiasına görə, guya Moskvanın bu raketləri Azərbaycana satmaqdan imtinasının səbəblərindən biri də onların Qarabağ münaqişəsində tətbiq edilə biləcəyindən ehtiyatlanmasıdır: “Biz istəməzdik ki, bu silahdan Dağlıq Qarabağ münaqişəsində istifadə edilsin.”



“Kommersant” qəzeti hərbi mənbələrdən əldə etdiyi məlumatların dəqiqliyini yoxlamaq üçün Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidməti və Rusiyanın silah istehsalı və ixracı ilə məşğul olan əsas dövlət şirkəti “Rosoboroneksport”a müraciət etsə də, onlar şərh verməkdən çəkiniblər.

Qeyd olunur ki, əgər “Bal-E” raket kompleksinin satışına dair müqavilə imzalansaydı, Azərbaycan bu silaha malik üçüncü ölkə olacaqdı. Hazırda Rusiyadan başqa yalnız Vyetnam “Bal-E” raketlərinə malikdir. 2012-ci ildə bu kompleksin satışı üzrə Hanoyla Moskva arasında müqavilə bağlanıb. Rusiya Liviyaya da “Bal-E” raketlərini satmaq istəyib, lakin 2011-ci ildə bu ölkədə başlayan vətəndaş müharibəsinə görə o zamankı prezident Dmitri Medvedev Liviyaya hərbi təyinatlı məhsulların ixracına qadağa qoyub.



“Bal-E” kompleksi “Bal” kompleksinin ixracat üçün hazırlanan versiyasıdır. Bir kompleksində 8 raket yerləşən bu silah ərazi sularının, hərbi dəniz bazalarının, sahilyanı infrastruktur və dəniz kommunikasiyalarının müdafiəsi üçün nəzərdə tutulub. “Bal-E” kompleksi 120 kilometrədək məsafədə yerləşən hədəfləri məhv etməyə qadirdir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Qarabağ   Rusiya   Azərbaycan