Həmsədrlər nazirlərin görüşü barədə bəyanat yaydı

 Həmsədrlər nazirlərin görüşü barədə bəyanat yaydı
  06 Dekabr 2018    Oxunub:5180
Milanda keçirilən ATƏT Nazirlər Şurasının iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələri (Rusiya, ABŞ, Fransa), Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Zohrab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli və uzunmüddətli həlli istiqamətində işləri davam etdirəcəkləri barədə razılığa gəldilər.
Azvision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin nazirlərin Milanda keçirilən görüşünün yekunu ilə bağlı yaydığı birgə bəyanatında deyilir.

"Həmsədr ölkələr sentyabrda Müstəqil Dövlətlər Birliyinin (MDB) Düşənbədəki sammiti çərçivəsində Ermənistan və Azərbaycan liderləri arasındakı söhbətdən sonra atəşkəsin pozulma halları və itkilərin əhəmiyyətli dərəcədə azalmasını təqdir ediblər. Vasitəçilər tərəfləri Düşənbədə əldə olunan anlaşmaların tətbiqini davam etdirməyə və öz xalqlarını sülhə hazırlamaq üçün konkret tədbirlər görməyə çağırıb. Həmsədr ölkələr ümid etdilər ki, münaqişənin ədalətli və davamlı həllini təşviq etmək yolunda gələcəkdə Azərbaycan və Ermənistan liderləri arasında yüksək səviyyəli və nəticəyönümlü intensiv dialoq baş tutacaq" - bəyanatda bildirilir.

Həmçinin vurğulanır ki, Azərbaycanın xarici işlər naziri və Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin icraçısı münaqişənin sülh yolu ilə nizamlanmasını və gərginliyin daha da azaldılmasını təşviq etmək üçün intensiv iş aparacaqlarını təsdiqləyiblər: "Bu məqsədlə və yüksək səviyyəli danışıqları təşviq etmək üçün nazirlər ATƏT-in Minsk qrupunun mandatı altında 2019-cu ilin əvvəlində yenidən görüşmək barədə razılığa gəliblər".

Bəyanatda qeyd olunur ki, tərəflər münaqişənin həlli istiqamətində həmsədr ölkələrin aktiv iştirakını və yaxşı niyyətli vasitəçilik səylərini, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətini təqdir ediblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   Ermənistan   XİN   Qarabağ   ATƏT   Həmsədrlər  





Xəbər lenti