İrəvan bu dəfə Lukaşenkonu təkzib etdi - KTMT məsələsi

İrəvan bu dəfə Lukaşenkonu təkzib etdi -  KTMT məsələsi
  07 Dekabr 2018    Oxunub:5268
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vaxtından əvvəl vəzifəsindən kənarlaşdırılan ermənistanlı baş katibi Yuri Xaçaturovun yerinə hansı ölkənin nümayəndəsinin gətiriləcəyi ilə bağlı məsələ hələ həllini tapmayıb.
Azvision.az erməni KİV-nə istinədən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın mətbuat katibi Arman Yeqonyan “Facebook”dakı səhifəsində bildirib. Bununla da, İrəvan Belarus prezidenti Aleksandr Lukaşenkonun ötən gün Sankt-Peterburqda səsləndirdiyi bəyanatını təkzib edib.

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi məsələsi həll olunmayıb” – Yeqonyan yazıb.

Qeyd edək ki, Lukaşenko dünən Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə verdiyi açıqlamada bildirmişdi ki, KTMT-nin baş katibinin təyinatı ilə bağlı problem faktiki olaraq həll edilib və razılıq əldə olunub: “Bugünkü görüşlərdə, prinsipcə, baş katibin təyinatı ilə bağlı problemi həll etdik. KTMT-nin baş katibi Belarusun nümayəndəsi olacaq. Necə ki, vaxtilə Nursultan Abişoviç (Qazaxıstan prezidenti Nursultan Nazarbayev) də demişdi. Amma razılaşdıq ki, bu təyinat sxem və sistemə uyğun şəkildə baş tutacaq – KTMT-dəki hər bir rəhbərlə fərdi müsahibə olacaq və onlar bu qərarı imzalayacaqlar.”

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Ermənistan   KTMT   Belarus  





Xəbər lenti