Tramp keçmiş müxbirə yüksək vəzifə verir

  07 Dekabr 2018    Oxunub : 3309
Tramp keçmiş müxbirə yüksək vəzifə verir
ABŞ prezidenti Donald Tramp bu gün Dövlət Departamentinin sözçüsü Hizer Nauerti ölkəsinin BMT-dəki daimi nümayəndəsi postuna namizədliyini irəli sürəcək.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evdəki iki mənbə “Reuters”ə bildirib. Qeyd olunur ki, bununla bağlı Tramp bu gün rəsmi bəyanat verəcək.

Amma Nauertin ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təyin olunması üçün Senat onun namizədliyini təsdiq etməlidir. Və təsdiq olunarsa, Nauert istefa verərək ilin sonunda bu postu tərk edəcək Nikki Haylini əvəzləyəcək.

Lakin bildirilir ki, Tramp dünyanın ən mürəkkəb və kəskin problemlərilə baş etmək üçün heç bir siyasi təcrübəsi olmayan adamı yollamaq qərarına gəlib.



Belə ki, 48 yaşlı Hizer Nauert “Fox News” telekanalının keçmiş müxbiri və aparıcısı olub. 2017-ci ildə ABŞ Dövlət Departamentinin sözçüsü təyin edilib. Bu ilin əvvəlindən isə həm də dövlət katibi Mayk Pompeonun ictimai diplomatiya və ictimai əlaqələr üzrə fəaliyyətdə olan müavinidir. Bu səbəbdən qeyd olunur ki, əgər ABŞ-ın BMT-dəki daimi nümayəndəsi postuna təsdiqlənərsə, onda Nauert İranın Yaxın Şərqdəki təsirinin qarşısının alınması, Şimali Koreyaya qarşı sanksiyaların qüvvədə qalmasının təmin edilməsi və Rusiyaya qarşı ABŞ maraqlarının müdafiəsi məsələlərilə bağlı çağırışlrın öhdəsindən gəlməkdə çətinlik çəkəcək.

Xatırladaq ki, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli 9 oktyabrda istefa verib. O, 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: BMT   ABŞ