Karlovun qətlinə dair məhkəmə gələn ilə qaldı

 Karlovun qətlinə dair məhkəmə gələn ilə qaldı
  07 Dekabr 2018    Oxunub:4099
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinə dair açılan cinayət işi ilə bağlı Türkiyədə ilk məhkəmə iclası 2019-cu ilin 8 yanvarında başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin “NTV” telekanalı prokurorluğa istinadən məlumat yayıb. Bildirilib ki, səfirin qətlinə dair işə Ankara II Ağır Cəza Məhkəməsində baxılacaq.

Bundan əvvəl Türkiyə Baş Prokurorluğu Karlovun cinayəti ilə bağlı istintaqı başa çatdıraraq işi məhkəməyə göndərmişdi. Prokurorluğun 608 səhifəlik iddianaməsində səfirin qətlinin təşkilində təqsirləndirilən 28 nəfərin adı göstərilib. Onların sırasında 2016-cı ilin iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ terror təşkilatının lideri Fətullah Gülən də var.

İddianamədə qeyd olunub ki, səfir Andrey Karlovun qətli Gülən tərəfindən Türkiyə-Rusiya münasibətlərinə zərbə endirmək üçün törədilən təxribat olub. Bu cinayətdə təqsirləndirilən 28 nəfərə qarşı “konstitusion qaydaları pozmaq”, “silahlı terror təşkilatına üzv olmaq”, “terror məqsədli planlı qətl”, “terror məqsədli qəsdən adam öldürməyə təşəbbüs”, “terror məqsədli qorxu, narahatlıq və ya panika yarada biləcək tərzdə silahla atəş açmaq” maddələri üzrə ittiham irəli sürülüb. Ittihamlara müvafiq olaraq Türkiyə Baş Prokurorluğu təqsirləndirilən şəxslərə ömürlük və müxtəlif həbs cəzalarının verilməsini istəyib.

Xatırladaq ki, Rusiya səfiri Andrey Karlov 2016-cı ilin 19 dekabrında Ankaradakı Rusiya fotosərgisinin açılışı zamanı mühafizəçi qismində salona daxil olan keçmiş polis əməkdaşı Mövlüd Mərd Altıntaş tərəfindən odlu silahla qətlə yetirilib. Cinayəti törədərkən Altıntaş “Bu, Hələbə görə qisasdır. Biz orada ölürük, sən də burada öləcəksən!”, “Suriyanı unutmayın”, Hələbi unutmayın” sözlərini işlədib. Polis Altıntaşı hadisə yerində öldürərək zərərsizləşdirib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Suriya   Rusiya  





Xəbər lenti