Peterburq sammiti "yer"ləri təsdiqlədi - İrəvanın qorxusu nədir?

 Peterburq sammiti "yer"ləri təsdiqlədi -  İrəvanın qorxusu nədir?
  08 Dekabr 2018    Oxunub:7069
Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti yerli və xarici, xüsusən də, Ermənistan və Rusiya KİV-də böyük marağa və səs-küyə səbəb olub. Təkcə ona görə yox ki, ev sahibi olan Rusiya prezidenti Vladimir Putin sammitdən sonra MDB liderlərini “Şelkunçik” baletini izləməyə apardı. Hərçənd, bunun özündə də liderlərə bir simvolik mesaj var idi...
Lakin diqqət çəkən məqam o idi ki, sammitdən bir neçə saat öncə Peterburqda həm də Avrasiya İqtisadi İttifaqı Ali Şurasının da toplantısı keçirildi və hər iki tədbir çərçivəsində səsləndirilən bəyanatlar və aparılan müzakirələr bir nəticəni təsdiqlədi: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yaranan çatlar dərinləşib. Bunun başlıca səbəblərindən biri isə, təşkilata üzv olmayan Azərbaycanın avtoritetinə üzv Ermənistanla müqayisədə daha çox önəm verilməsidir.

Təbii ki, belə vəziyyət Ermənistanı narahat etməyə bilməz, çünki bunun üçün ciddi əsaslar var. Sual oluna bilər ki, İrəvanın qorxusu nədir axı?


Məsələ ondadır ki, Peterburqda Belarus prezidenti Aleksandr Lukaşenko qazaxıstanlı həmkarının bir neçə gün öncəki bəyanatını təkrarlayaraq, KTMT baş katibinin Ermənistan yox, Belarus nümayəndəsi olacağını təsdiqlədi. Bu həm də, təşkilatdaxili qərarların qəbulunda İrəvanın rəyinin nəzərə alınmamasının da təsdiqi idi. Çünki İrəvan hələ də israr edir ki, baş katib məsələsi həll olunmayıb və post ətrafındakı problemi özü yaratmasına rəğmən, ora yenə də mütləq erməni əyləşməlidir. Bu səbəbdən, Ermənistanın baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın Putindən KTMT-nin baş katib problemilə bağlı yekun qərarın veriləcəyi 6 dekabr sammitini təxirə salmağı xahiş etməsi təsadüf sayıla bilməz. Çünki erməni xalqını “uğurlu” və “müstəqil” xarici siyasət aparmasilə inandırmağa çalışan Paşinyan üçün aylardır təkid və əmin etdiyi məsələ üzrə bir gündəcə rüsvay edilməsi 9 dekabrda Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində ağır zərbə olardı. Bu isə Paşinyanın seçki oyununda müxalifətin əlinə həlledici kart vermək deməkdir. Amma əslində baş katib problemində İrəvanın KTMT liderlərinə qarşı bu qədər tərs getməsinin əsas səbəbi, xarici siyasətdəki bu fiaskosunu şərtləndirən amilin Azərbaycan olmasıdır. Başqa sözlə desək, MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən sonra rəsmi Bakının açıqlaması İrəvanın qorxusunun dəqiq mənbəyini aşkarlamağa kömək etdi: Dağlıq Qarabağla KTMT əlaqəsi...


Aydın olur ki, Azərbaycan prezidenti İlham Əliyev yeni baş katibin təyinatı məsələsini Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib. Bu o deməkdir ki, qeyri-üzv Azərbaycanın KTMT-nin digər ölkələrilə formalaşdırdığı qarşılıqlı inam və etibar o qədər güclüdür ki, onlar baş katib kimi təşkilatdaxili və olduqca həssas bir məsələdə Bakı ilə məsləhətləşmə aparıblar. Beynəlxalq siyasətdə və özü də, hərbi-siyasi blok müstəvisində bu cür presedentə çox nadir hallarda rast gəlmək olar. Məsələn, NATO və onun lideri ABŞ təşkilatla bağlı demək olar ki, əksər məsələləri həm də qeyri-üzv İsraillə müzakirə edir. Qeyri-hərbi Avropa İttifaqı isə öz xarici siyasətində ABŞ-ın maraqlarını nəzərə almağa çaılşır və məsləhətləşmələr aparır. İrəvanı qıcıqlandıran da budur – Azərbaycanın Cənubi Qafqazda liderliyinin təsdiqi və avtoritetinin diqqətə alınması. Bu mənada, Ermənistan rəhbərliyinin ehtiyat etdiyi ən böyük təhlükə KTMT vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə ədalətli həllidir. Bu necə baş verə bilər?


Rəsmi Bakı KTMT-nin Ermənistandan başqa bütün digər üzvlərilə olduqca yaxşı münasibətlərə və strateji tərəfdaşlıq əlaqələrinə malikdir. Belarusla Qazaxıstan hər zaman Ermənistanın təşkilatdakı anti-Azərbaycan təxribatlarına qarşı ciddi immunitet formalaşdırıblar. Və sirr deyil ki, Rusiya çoxdan Azərbaycanı avrasiyaçılıq institutlarına, xüsusən də, KTMT-yə cəlb etməyə çalışır və rəsmi səviyyədə Moskvadan dəvət də gəlib.


Əgər Azərbaycan KTMT-yə üzv olarsa, o zaman Ermənistan işğalçı olduğunu faktiki etiraf etmiş olacaq və zəbt etdiyi Azərbaycan ərazilərini qaytarmağa məcbur ediləcək. Çünki təşkilatın nizamnaməsinə və Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsasən üzv dövlətlərin bir-birinə qarşı güc tətbiqi ilə müşayiət olunan pozucu və təcavüzkar fəaliyyəti yolverilməzdir. Bu səbəbdən də, Azərbaycanın KTMT-yə qoşulması üçün ilk növbədə işğal altındakı torpaqları geri qaytarılmalıdır. Və İrəvanın qorxusu da odur ki, Bakıya rəsmi dəvət göndərən Moskva ərazilərin qaytarılması üçün Ermənistana ciddi təzyiq edəcək. Vassal vəzifəsini daşıyan İrəvan da buna getməli olacaq. Əks təqdirdə KTMT-dən uzaqlaşdırıla və Rusiyanın hərbi dəstəyindən tamamilə məhrum ola bilər. Bu isə, bir dövlət kimi Ermənistanın təhlükəsizliyi və mövcudluğunu sual altına qoyur. Çünki təcrübə göstərir ki, hadisələrin bu cür inkişafında heç İrəvandakı hazırkı rəhbərliyin bel bağladığı ABŞ da ona əl uzatmayacaq. Nə də olsa, böyük siyasətdə maraqlar diktə edir və Ukraynaya kömək etməyən Vaşinqton Ermənistana gəldikdə barmağını da uzatmaz. Yəni Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli variantında Azərbaycanın qarşısında Ermənistan tək qalacaq.


Elə məsələnin digər bir tərəfi də budur. Əgər Kreml həqiqətən də Qarabağ ətrafı bütün rayonların qaytarılmasını təmin edərək Azərbaycanın KTMT-yə üzvlüyünə nail olarsa, gələcəkdə Dağlıq Qarabağın statusu məsələsində İrəvanın təxribatı üzündən Ermənistanla Azərbaycan arasında irimiqyaslı müharibə halında işğalçı dövlət KTMT-nin hərbi dəstəyindən də məhrum olacaq. Çünki təşkilatın nizamnaməsinə uyğun olaraq, üzv dövlətlər KTMT-nin iki digər üzvü arasındakı müharibədə tərəf tuta bilməyəcəklər. Bu, KTMT-nin mahiyyətinə zidd olardı və onun beynəlxalq nüfuzu bir kənara, bütövlükdə mövcudluğunun əhəmiyyətsizliyini ortaya çıxarardı. Məhz buna görədir ki, İrəvan Azərbaycanın üzvlüyünə veto qoyacağını son zamanlar daha uca səslə bəyan edir. Amma özü də anlayır ki, bunun bir faydası yoxdur və olmayacaq da. Rəsmi Bakı Azərbaycanın xeyrinə olacaq bütün strateji gedişləri hesablayaraq ciddi geosiyasi ölçmə əsasında KTMT-yə qoşulmaq barədə qərar qəbul etsə, Ermənistanın vetosu sadəcə kağız üzərindəki “hüququ” olaraq qalacaq. Çünki realpolitikdən çıxış edən hər kəsə məlumdur ki, Ermənistanın Rusiyadan üz döndərməsi onun aqibətinə dair acı proqnozların həyata keçməsinə bərabərdir. Məhz buna görədir ki, Azərbaycan işğal altındakı torpaqlarının geri qaytarılması üçün xeyrimizə olan bütün mümkün variantları nəzərdən keçirir.


Elə MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev Paşinyanla söhbətində Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə qarşı yönələn desktruktiv addımlardan imtina edilməsinin vacibliyini bildirdi: nizamlanma prosesi üzrə fəal danışıqlar davam etdirilməli və atəşkəs pozulmamalıdır. Bununla rəsmi Bakı başı öz hakimiyyətini möhkəmləndirmək cəhdlərinə qarışan Paşinyana bir daha xatırlatdı ki, Dağlıq Qarabağ münaqişəsində işğala əsaslanan status-kvo vaxt var ikən tezliklə dəyişdirilməlidir. Əks təqdirdə hərb yolu ilə nizamlanma qaçılmaz olacaq.


Söhbət zamanı Ermənistanla Azərbaycan arasında əsir və girov saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub. Prezident İlham Əliyev dəyişdirmənin “hamının hamıya” prinsipi əsasında tam olması və Dilqəm Əsgərovla Şahbaz Quliyevin də dəyişdirilənlər arasında yer alması barədə Azərbaycanın prinsipial mövqeyini Paşinyanın diqqətinə çatdırıb. ATƏT-in Minsk qrupunun həmsədrləri də humanist xarakterli bu kimi addımların danışıqlar prosesinə müsbət təsir göstərə biləcəyini deyir və rəsmi Bakının bu mövqeyini dəstəkləyirlər. Bütün bunlar rəsmi Bakının Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün səylərini davam etdirdiyinin və bu məsələni hər zaman diqqətdə saxladığının bariz nümunəsidir. Amma təbii ki, bu işdə işğalçı bir dövlətdən hansısa humanist addım görmək çətin məsələdir. Bunu elə sammitdən İrəvana qayıdan kimi Paşinyanın əsir və girovların tam dəyişdirilməsi məsələsinin Qarabağ separatçılarının “qərarına” bağlı olduğunu deməsi də sübuta yetirdi.


Sübuta ehtiyacı olmayan açıq-aşkar fakt isə milli maraqlarımızın təmin edilməsinə yönəlik “strateji diplomatiya”ya əsaslanan Azərbaycanın nəinki regionda, dünya miqyasında qəbul olunan və tanınan nüfuzudur. Bunu MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində kiçik bir nüans da göstərdi. Sammitdən sonra MDB liderləri Mariinskiy Teatrda “Şelkunçik” balet tamaşasını izləyərkən prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Rusiya prezidenti Vladimir Putinin sağ tərəfində yanında əyləşmişdi. Bu, çoxları üçün bəlkə də adi görünə bilər, amma beynəlxalq münasibətlər tarixində və diplomatik etiketdə yazılmamış qanunlardan biri də odur ki, ev sahibinin yanında adətən daha önəmli siyasi çəkiyə malik olanlar əyləşirlər. Bu, həm də Rusiya üçün Azərbaycanın yerini və ona duyduğu ehtiyacı göstərir. Paşinyan isə çəkilən fotolarda, demək olar ki, gözə dəymirdi. Bu mənada, erməni KİV-nin “Paşinyanın yeri haradır?” sualı anlaşılandır. Doğrudan da, Paşinyanın yeri haradadır..?

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   ATƏT   Minskqrupu   MDB   KTMT  





Xəbər lenti