Ermənistan polisi seçicilərin telefonlarını dinləyəcək

 Ermənistan polisi seçicilərin telefonlarını dinləyəcək
  08 Dekabr 2018    Oxunub:4791
Ermənistan polisi sabah keçiriləcək növbədənkənar parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların telefonlarını dinləyəcək və onlara qarşı gizli izləmə həyata keçirəcək.
Azvision.az xəbər verir ki, bu cür sensasiyalı açıqlamanı Ermənistan Polisinin mətbuat xidməti yayıb. Polis bu cür davranışının səbəbini seçicilərin pulla satın alınması və digər seçki pozuntularının qarşısının alınması məqsədilə izah edib.

Qeyd olunur ki, sentyabrda parlamentin Cinayət Məcələsinə etdiyi dəyişiklərə uyğun olaraq seçkilərdə qanun pozuntularına görə cəzalar ağırlaşdırılıb və polisə onların aşkarlanması üçün yeni imtiyazlar verilib. Belə ki, seçkiqabağı rüşvət almaq, yaxud onu tələb etməyə görə 500-700 dram cərimə və ya 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutulub.

Rüşvəti verənlər, yaxud təklif edənlər isə 2 milyon 500 mindən 3 milyon dramadək cərimə ödəyəcək və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum ediləcəklər. Bir dəfədən çox, yaxud başqasının yerinə səs verənlər üçün isə 2 ildən 6 ilədək həbs cəzası nəzərdə tutulub.

Bildirilirb ki, bu cür pozuntuların üzə çıxarılması məqsədilə polisə seçicilərin telefonlarını dinləmək və video-müşahidə vasitələrilə onların gizlin izlənilməsini həyata keçirmək hüququ verilir.

Erməni KİV-ləri isə yazır ki, bu kimi tədbirlər Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın "Mənim addımım" blokunun sabahkı seçkilərdə məğlubiyyət riskini azaltmaq üçün görülən tədbirlər sırasına daxildir. Çünki ən demokratik Qərb ölkələrində belə səsvermə günü qanun pozuntularının aşkarlanması üçün güc strukturlarına bu cür “hüquqlar” verilmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Seçki   Polis  





Xəbər lenti